Adil Əliyev Naxçıvanda gənclərlə görüşüb

img

Oktyabrın 26-da Naxçıvan şəhərində “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisidir” mövzusunda tədbir keçirilib.


Rezonans.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən təşkil edilmiş tədbirdə Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Muxtar Respublikanın gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov iştirak ediblər.


Toplantıda, habelə Naxçıvan Muxtar Respublikasının müxtəlif rayon və şəhərlərindən olan 400-dən çox gənc, Vətən müharibəsi qaziləri, şəhid ailələrinin üzvləri olan gənclər və kursantlar iştirak ediblər. 

Tədbirin əvvəlində Dövlət himni səsləndirilib. Tədbir iştirakçıları  Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 


Yığıncaqda Milli Məclis sədrinin müavini Adil Əliyev çıxış edib. O, Ulu Öndər Heydər Əliyevin həm sovet dövründə Azərbaycana rəhbərlik etdiyi zaman, həm də müstəqil Azərbaycanın Prezidenti kimi ölkədə gənclər siyasətinin təməlinin qoyulması və inkişafındakı müstəsna rolunu vurğulayıb. Vitse-spiker Ulu Öndərin bu istiqamətdə atdığı önəmli addımlar, qəbul etdiyi mühüm əhəmiyyətli qərarlardan bəhs edib. 


Adil Əliyev qeyd edib ki, müdrik rəhbərin göstərişi əsasında hələ ötən əsrin 70-80-ci illərində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilir və savadlı kadr kimi Vətənə qayıdaraq fəaliyyət göstəriblər. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycanın dövlət quruculuğunda yaxından iştirak edir, elm, səhiyyə, mədəniyyət, digər sahələrin inkişafına xidmət göstərirlər.


Vitse-spiker bildirib ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanın çətin və mürəkkəb dövrünə təsadüf edib. Bütün çətinliklərə və maneələrə baxmayaraq, Ulu Öndər ölkəmizin sürətli inkişafına nail oldu, qüdrətli dövlət quruluşu istiqamətinə önəmli addımlar atıldı. “Əsrin müqaviləsi” imzalandı, ölkənin sosial-iqtisadi inkişafının təməli qoyuldu.


Adil Əliyev Ümummilli liderin gənclər siyasətinin formalaşmasında önəmli rolundan bəhs edərək, bu gün bu sahənin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla və zamanın tələblərinə uyğun  inkişaf etdirildiyini vurğulayıb. O, milli-mənəvi dəyərlərimizə bağlı yetişmiş gəncliyimizin İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətdən, ölkəmizin ərazi bütövlüyünün bərpası və suverenliyinin bərqərar edilməsindən söhbət açıb. 


Vitse-spiker bildirib ki, Ulu Öndərin banisi olduğu gənclər və idman siyasətini layiqincə inkişaf etdirən Prezident İlham Əliyevin qarşımıza qoyduğu prioritetlərdən biri gənclərin elmli, təhsilli, layiqli vətəndaş kimi formalaşmasıdır. Azərbaycan gənclərinin dünyanın qabaqcıl universitetlərində təhsil alması məqsədilə cənab Prezidentin tapşırığı ilə xaricdə təhsillə bağlı xüsusi proqramlar həyata keçirilir, habelə yerli universitetlər və təhsil müəssisələri inkişaf etdirilir. 


Tədbirin sonunda gənclərlə onları maraqlandıran mövzularda müzakirələr aparılıb. Milli Məclisin sədr müavini gənclərə hədiyyələr təqdim edib.

Xəbəri paylaş: