Noyabrın 3-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclası keçirilib.
Rezonans.az xəbər verir ki, iclası açan Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bildirib ki, birgə iclasın gündəliyinə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) daxil edilib.
Vitse-spiker diqqətə çatdırıb ki, 2020-ci ildən başlayaraq büdcəmiz qalib dövlətin büdcəsi kimi qürur doğurur. Bu ilin büdcəsi isə xüsusi bir mühüm dövrə təsadüf edir. Çünki artıq ölkəmizin suverenliyi tam bərpa edilib. Dövlət başçımızın Xankəndi şəhərində Azərbaycan bayrağını dalğalandırması ilə regionda marağı olan bir sıra qüvvələrin erməni layihəsinə son qoyulub. Bununla da Azərbaycan özü regionda yeni bir geosiyasi vəziyyət yaradıb. Belə bir ölkənin büdcəsini müzakirə etmək çox şərəflidir.
Sonra iclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, 2024-cü ilin dövlət büdcəsi layihəsi regionda yaranan yeni reallıqlar nəzərə alınmaqla, güclü milli iqtisadi resurslara söykənərək, Azərbaycanın gələcək sosial-iqtisadi inkişafı ilə bağlı mühüm əhəmiyyətə malik tədbirlərin maliyyələşdirilməsi üçün zəmin yaradır. Növbəti ilin dövlət büdcəsində ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, azad edilmiş ərazilərimizə Böyük qayıdışa dair Birinci Dövlət Proqramında müəyyən edilmiş mühüm tədbirlərin icrası üçün maliyyə təminatının yaradılması əsas prioritet xərc istiqamətləri kimi nəzərdə tutulub. Bu prioritet istiqamətlər, həmçinin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” ilə müəyyən edilmiş tədbirlərin icrasının maliyyə təminatı üçün 2024-cü ilin dövlət büdcəsi xərclərinin üçdə biri qədər vəsait ayrılacaq. Bununla yanaşı, əhalinin sosial müdafiəsi, təhsil sahəsində islahatların davam etdirilməsi, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, səhiyyə sahəsində islahatların aparılması, sahibkarlığa dəstək tədbirləri, səfərbərlik və fövqəladə ehtiyatların formalaşması, dövlət investisiya proqramının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitlərin ayrılması da diqqətdə saxlanılıb.
Nazir qeyd edib ki, 2024-cü ilin dövlət və icmal büdcələrinin tərtibində İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış ölkənin sosial-iqtisadi inkişafına dair proqnoz göstəriciləri əsas götürülüb. Orta müddətli dövr üzrə büdcə vergi siyasətinin formalaşdırılmasında qlobal və regional geosiyasi gərginlik və digər bir sıra xarici və daxili faktorlar nəzərə alınıb.
Samir Şərifov bildirib ki, növbəti il və sonrakı 3 il üzrə qeyd olunan çağırışlar, daxili və xarici mühit faktorları nəzərə alınmaqla, 2024-cü ilin dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat səviyyəsində nəzərdə tutulur, xərcləri isə 36 milyard 763 milyon manat həcmində təklif olunur.
O, qeyd edib ki, 2024-cü ilin gəlirləri 2023-cü il üçün təsdiq olunmuş gəlirlər proqnozu ilə müqayisədə 283 milyon və ya 0,8 faiz, 2022-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3 milyard 493 milyon manat və ya 11,4 faiz çox olacaq.
Nazir diqqətə çatdırıb ki, 2024-cü ilin dövlət büdcəsi xərclərinin 51,2 faizi və ya 18 milyard 833 milyon manatı məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Dövlət büdcəsi xərclərinin prioritet istiqamətlərindən olan müdafiə və milli təhlükəsizlik xərclərinə 17,5 faiz və ya 6 milyard 421 milyon manat məbləğində vəsait nəzərdə tutulub və bu 2023-cü illə müqayisədə 366 milyon manat və ya 6 faiz çoxdur.
Qeyd olunub ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair birinci dövlət proqramının icrası üçün 4 milyard manat, Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə 1 milyard 509 milyon manat, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası üçün 249 milyon manat vəsait yönəldiləcək.
Samir Şərifov bildirib ki, 2024-cü ildə dövlət büdcəsi xərclərinin 42,9 faizi, onun cari xərclərinin isə 70 faizi və ya 15 milyard 773 milyon manatı sosialyönümlü xərclərin maliyyələşdirilməsinə istifadə olunacaq. Cari ilin göstəriciləri ilə müqayisədə bu 1 milyard 35 milyon manat və ya 7 faiz çoxdur. O, həmçinin dövlət büdcəsində təhsil xərclərinə 4 milyard 550 milyon, səhiyyə xərclərinə 3 milyard 307 milyon, mədəniyyət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər tədbirlərin maliyyə təminatı üçün 575 milyon vəsaitin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Maliyyə naziri 2024-cü il üçün icmal büdcənin əsas göstəriciləri ilə bağlı bildirib ki, icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılır.
Bildirilib ki, Dövlət Neft Fondunun gəlirləri 12 milyard 73 milyon manat, xərcləri isə 12 milyard 862 milyon manat təşkil edəcək. Növbəti ildə gəlirləri və xərcləri bərabər olmaqla Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 6 milyard 920 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsi 2 milyard 811 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsi 238 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsi isə 516 milyon manat təşkil edəcək.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2024-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı palatanın rəyini açıqlayıb.
Palata sədri bildirib ki, 2024-cü ilin dövlət büdcəsi ilə birlikdə təqdim olunmuş makroiqtisadi çərçivəyə əsasən, növbəti il ölkə iqtisadiyyatında əlverişli makroiqtisadi mühitin müşahidə ediləcəyi proqnozlaşdırılır. Belə ki, ölkə iqtisadiyyatında real artım, məqbul inflyasiya, profisitli tədiyə balansı və sabit məzənnə nəzərdə tutulur.
Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin bəzi maddələri üzrə palatanın tövsiyələrini diqqətə çatdırıb, sənədin büdcə qaydasına uyğunluğundan danışıb. O, qeyd edib ki, göstəricilərin proqnozlaşdırılmasında fiskal qaydanın hədəfləri gözlənilib.
2024-cü ilin dövlət büdcəsinin layihəsinin və bu layihə ilə birlikdə təqdim olunan sənədlərin “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun hazırlandığını deyən palata sədri bu sənədlərdə tətbiq edilən yeniliklərdən, büdcə sənədləşməsinin keyfiyyətinin artırılması istiqamətində atılan addımlardan danışıb, palatanın mövqeyini diqqətə çatdırıb.
Sonra çıxış edən parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, 2024-cü ilin büdcəsi də sosialyönümlü büdcədir. Büdcəmizdə sosial xərclərin xüsusi çəkisinin 43 faizə yüksəlməsi son dərəcə təqdirəlayiqdir. Bu, Prezident İlham Əliyevin əhalinin sosial rifahının yüksəlməsinə göstərdiyi böyük qayğının nəticəsidir. Sosial sahələrin, o cümlədən səhiyyə sisteminin maliyyələşməsində artım var. O, vəsaitin artması hesabına ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksələcəyinə əminliyini bildirib.
Komitə sədri nəzərə çatdırıb ki, İcbari Tibbi Sığorta Fondunun gəlirlərində də ciddi artım müşahidə olunur. Son illərdə ölkəmizdə icbari tibbi sığorta uğurla həyata keçirilir. Demək olar ki, icbari tibbi sığortanın xidmətlər zərfi günbəgün genişləndirilir və əhalinin icbari tibbi sığorta ilə bağlı məmnunluğu getdikcə artır. O, qeyd edib ki, ölkəmizdə icbari tibbi sığorta sisteminə keçid son illər səhiyyəmizin ən böyük uğurlarından biridir.
Sonra çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, ölkəmizdə sosial ədalət prinsipini əsas tutaraq vətəndaşların rifah halının yaxşılaşdırılması hər zaman aktual olub. Ölkəmizdə aparılan sosial islahatlar, əldə olunan mühüm nəticələr bunun əyani təsdiqidir. Son 5 ildə həyata keçirilən layihələr ümumilikdə 4 milyondan çox vətəndaşımızı əhatə edib. Dünyanın çox az ölkəsində belə geniş sosial islahat paketi icra olunur. Əlbəttə ki, əsas prioritet məsələ işğaldan azad olunmuş ərazilərimizin bərpa olunmasıdır. Qarabağ və Şərqi Zəngəzurda məskunlaşma, orada insanların sosial, iqtisadi həyatının təmin edilməsi əsas məsələdir. Eyni zamanda, dövlətimizin müdafiəsi və təhlükəsizliyi kimi vacib proqramlar həyata keçirilməlidir. Bütün bunlarla yanaşı, sosial müdafiəyə, daimi qayğıya ehtiyacı olan insanlarımız, ailələrimiz var. 2024-cü ilin dövlət büdcəsinin layihəsində bu istiqamətlər öz əksini tapıb. Gələn ilin dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin, qazilərin, aztəminatlı ailələrin, xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması nəzərə alınıb.
Komitə sədri iclasda bir sıra təkliflərini də səsləndirib.
Sonra iclasda çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib ki, təhsil sahəsində 2023-cü ildə başlamış və hazırda davam edən islahatlar bir çox istiqamətlərdə öz müsbət nəticəsini artıq göstərməkdədir. Gələn il və növbəti illərdə bu işlərin davam etdirilməsi üçün dövlət büdcəsində kifayət qədər vəsait, ən əsası, nəticə yönümlü məqsədli proqramların maliyyələşdirilməsi nəzərdə tutulur. Bu məqsədlə dövlət büdcəsində Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial İqtisadi İnkişaf Strategiyasının Tədbirlər Planında təhsil sahəsi üçün müəyyənləşdirilmiş sahələrdə islahatların davam etdirilməsi, ümumilikdə 17 tədbirin həyata keçirilməsi üçün 247,1 milyon manatın ayrılması nəzərdə tutulur. Gələn il üçün təhsil xərclərinin təqribən 4 milyard 549,9 milyon manat proqnozlaşdırılması təhsilin dövlətin əsas prioritetlərdən biri olduğunun göstəricisidir. O, bildirib ki, bu büdcə gələn il ali təhsilə əlçatanlığın genişləndirilməsinə, peşə təhsilinin keyfiyyətinin artırılmasına, məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin böyüməsinə, məktəbə hazırlığa cəlb edilənlərin sayının artırılmasına və təhsilverənlərin sosial müdafiəsinin mərhələli şəkildə daha da gücləndirilməsinə imkan verəcək.
Sonra iclasda çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa 2024-cü ilin dövlət büdcəsində mədəniyyət sahəsinin müxtəlif istiqamətləri üçün ayrılan vəsaitlərin artırılmasını müsbət qiymətləndirib, bir sıra rəqəmləri diqqətə çatdırıb. O, mədəniyyət sahəsində əsas prioritetlərdən danışaraq, yaradıcı mühitin canlandırılmasının vacibliyini qeyd edib. Bildirib ki, Azərbaycanda müxtəlif sahələrdə istedadlı insanların himayə fondu olmalıdır. O, nəticə əsaslı büdcə mexanizminin tətbiqinin vacibliyindən də danışıb.
Sonra iclasda 2024-cü ilin dövlət büdcəsi layihəsi ətrafında müzakirələr aparılıb. Müzakirələrdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, deputatlardan Rəşad Mahmudov, Azay Quliyev, Azər Badamov, Aqiyə Naxçıvanlı, Jalə Əliyeva, Etibar Əliyev, Ceyhun Məmmədov, Soltan Məmmədov, Tamam Cəfərova, Sahib Alıyev 2024-cü ilin dövlət büdcəsinin layihəsini yüksək qiymətləndiriblər, bir sıra qeyd və təkliflərini veriblər.
Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
İclasda Milli Məclisin deputatları, Maliyyə, İqtisadiyyat, Səhiyyə, Elm və təhsil, Mədəniyyət nazirliklərinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.