“Təbii müttəfiqlərin Zirvə görüşü Türk dünyasının strategiyasını müəyyənləşdirir” - Əhliman Əmiraslanov

img

Türkdilli ölkələr arasında əməkdaşlıq kəskin dini, siyasi qütbləşmənin, millətçi əhval-ruhiyyənin yaratdığı şüarlardan yaranan birlik modeli deyil. Bu, daha çox dünyanın yeni çağırışlarına adekvat cavab verən, çox strateji məqamları özündə ehtiva edən sivil əməkdaşlıq modelidir.

Türkdilli dövlətlərin başçılarının zirvə görüşlərinin keçirilməsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradılması, Türk Dövlətləri Təşkilatının formalaşması, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) təsis edilməsi, Türk Akademiyası, Türk Mədəniyyət və Miras Fondu, Türk Biznes Şurası kimi bənzər və ya bağlı təşkilatlar əməkdaşlığa əhəmiyyətli dərəcədə müsbət təsir etməkdədir. Türk Dövlətləri Təşkilatının dünya üçün önəmi bundan sonra da artacaq. Təşkilatın təməlində təbii müttəfiqlər yerləşir. Türk dövlətlərin işbirliyi səmimidir. Xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və böyük coğrafiyanı əhatə edir. Türk ölkələrin zəngin təbii qaynaqları, müasir infrastrukturu və nəqliyyat yolları var. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə Naxçıvan sazişini dörd lider imzalamışdı, ancaq bu gün üzvlərin sayı 7-yə çatıb. Bu, onu göstərir ki, təşkilat çox cəlbedicidir. 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış Sazişə əsasən yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. TDT beynəlxalq sənədə görə beynəlxalq hökumətlərarası təşkilatdır. Bu gün Türkdilli ölkələrin liderləri arasında nümunəvi dostluq münasibətləri formalaşmışdır. Bu da olduqca mühümdür. Liderlərimizin ortaq köklərimizə sərgilədiyi nümunəvi yanaşma vardır. Bu, bötüvlükdə hər birimiz üçün müəyyənedici olmalıdır. Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi əsas yer tutur. Ölkəmizin bu birliyin möhkəmləndirilməsinə töhfələri diqqətdədir. Naxçıvandan başlanan yolun uğurlu davamı qarşıya qoyulan hədəflərin reallığa çevrilməsindən, dövrün çağırışlarının düzgün dəyərləndirilməsindən xəbər verir. Noyabrın 3-də Astanada keçirilən Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçilən yolun təqdimatında, türk dünyasının gələcəyi ilə bağlı hədəflərin müəyyənlşdirilməsində əhəmiyyətli rol oynadı. Zirvə görüşünün çağırışı özündə bütün məqamları açıqlayır. Dövlətimizin başçısı cənab İlham Əliyev Zirvə görüşündəki çıxışında bir daha türk dünyasının birliyini şərtləndirən amilləri diqqətə çatdırdı. Bildirdi ki, “əfsuslar olsun  bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır.” Ortaq soy-kök, tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial, həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. Prezident İlham Əliyev hələ 2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Türk Dövlətləri Təşkilatına çevriləndə təşkilatın gözəl gələcəyinin olacağını əminliklə bildirmişdir: “Bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir.” Noyabrın 3-də də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk dövlətlərinin birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini bir daha bu fikirlərlə təsdiqləyib: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”


Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov



Xəbəri paylaş: