Zəfər günü - Tarixi Qələbəmizin üçüncü ildönümü

img

Hər biri bizim üçün şanlı tarix olan 44 günlük Vətən Müharibəsinin  8 noyabr tarixi - Azərbaycanımızın mədəniyyət beşiyi, Qarabağın rəmzi Şuşanın düşmən işğalından azad edildiyi gün Zəfər günü kimi dövlətimizin və millətimizin tarixinə həkk olunmuşdur. 8 noyabr 2020-ci il tarixində məhz Şuşanın işğaldan azad olunmasından sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuşdur. Bununla da hər  zaman ölkəmizin  tarix və mədəniyyət simvolu olan Şuşa şəhəri həm də şanlı qələbəmizin, hərbi gücümüzün simvoluna çevrilmişdir.


İşğal altında olan torpaqlarımızın azad edilməsi, ölkəmizin ərazi müstəqilliyinin, suverenliyinin bərpa edilməsi həm Ulu Öndər Heydər Əliyevin, həm də cənab İlham Əliyevin hakimiyyəti illərində dövlət siyasətimizin mütləq prioriteti və strateji hədəfi olub. Nə xalqımız, nə də dövlətimiz işğalla heç vaxt barışmamış, əzəli torpaqlarımız, erməni vandalları tərəfindən xalqımıza qarşı törədilən faciələr unudulmamışdır. Bu müddət ərzində həm Ulu Öndərin hakimiyyəti illərində, həm də cənab Prezidentin rəhbərliyi dövründə atılmış hər bir addım, qəbul olunmuş hər bir qərar Azərbaycan torpaqlarının düşmən işğalından azad olunmasına xidmət edib. Xalqımız 30 ildir düşmən işğalı altında qalan torpaqlarımızın azad edilməsi üçün hər zaman Ali Baş Komandana güvənib və onun əmrini gözləyib. Cənab Prezident dəfələrlə xalqa müraciətində bildirmişdir ki, nəyi nə vaxt, necə etmək lazım olduğunu yaxşı bilir və xalq öz liderinə hər zaman inanıb, sadiq qalıb. Bu gün dövlətimizin yaşadığı şanlı qələbələr sübut etdi ki, xalqın bu inam və sadəqəti özünü tam doğruldub. 


Bütün dünya şahiddir ki, biz münqaşinənin sülh yolu ilə həll olunması üçün uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən tərəf olmuşuq. Daim sülhün, əmin-amanlığın tərəfdarı olan  ölkəmiz beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin dinc yolla həllinə çalışmışdır. Lakin, təəssüf ki, işğal müddəti ərzində dünyaya haqq səsimizi  çatdırmağımıza, beynəlxalq təşkilatlardan Ermənistanın işğalçılıq siyasətinə son qoymalarını tələb etməyimizə baxmayaraq BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi başda olmaqla, bütün beynəlxalq sənədlər yalnız kağız üzərində qalmışdır. BMT qətnamələrinə əməl etməyən işğalçı dövlətə qarşı heç bir sanksiya, məcburetmə tədbiri görülmürsə, münaqişənin həlli üçün yaradılmış beynəlxalq qrumlar heç bir ciddi iş görmür, münaqişəni dondurulmuş vəziyyətdə saxlamağa çalışırsa, Ermənistanın Azərbaycan ərazisində törətdiyi terror  və təxribatlara göz yumursa, deməli, biz də öz dövlətimizin, işğal altında olan torpaqlarımızın, bir milyondan çox qaçqın və məcburi köçkünümüzün taleyini bu beynəlxalq qurumların ümidinə buraxa bilməzdik. Prezident İlham Əliyev hər fürsətdə haqqsız və ədalətsiz  münasibətin Azərbaycana qarşı tətbiq edilməsinin yolverilməz olduğunu, Ermənistanın öz xoşu ilə  torpaqlarımızdan çıxmayacağı təqdirdə bu məsələni hərbi yolla həll edəcəyimizi bütün dünyaya bəyan etmişdir. 


Lakin, nə Ermənistan, nə də ikili standartlar siyasətini davam edən beynəlxalq təşkilatlar bu bəyanatlardan dərs çıxarmadı və sonda Ali Baş Komandan cənab İlham Əliyev Ermənistan silahlı qüvvələrinin hücum və təxribatlarının qarşısını almaq məqsədi ilə bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verdi. Mən deyərdim ki, bizi tarixi Zəfərə qovuşduran bu qərar -  Ali Baş Komandanın “irəli” əmri  dövlətçilik tariximizin çox müdrik, düşünülmüş və cəsarətli qərarıdır. Məhz bu qərar ilə 30 illik həsrətə son qoyuldu, işğala, tarixi ədalətsizliyə son qoyuldu. Bütün xalqımız və dövlətimiz bu cəsarətli qərarı qəbul edən cənab İlham Əliyevə minnətdardır. Əlbəttə, bu qərarı reallaşdıran əsgərlərimiz, şəhidlərimiz, qazilərimiz heç vaxt unudulmamalıdır.  Azərbaycan əsgəri vətən torpağı uğrunda, düşmən işğalına son qoymaq uğrunda vuruşub və bu yolda canından keçməyə hazır olub.  Onların bu fədakarlığına ən böyük qiymət yenə də cənab Prezident tərəfindən dövlət səviyyəsində verilib. Vətən Müharibəsinin başladığı tarix - 27 sentyabrın qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq ölkəmizdə  Anım Günü kimi qeyd olunması, Qələbə münasibətilə medal və ordenlərin təsis olunması, cənab Prezidentin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın mənəvi diqqəti və qayğısı Vətən Müharibəsi iştirakçılarına olan ali diqqətin təcəssümüdür.


Vətən Müharibəsində əldə olunmuş Zəfəri şərtləndirən məqamlar çoxdur. Ölkəmizin iqtisadi inkişafı və bu inkişaf nəticəsində  mükəmməl ordu quruculuğu siyasətinin reallığa çevrilməsi qələbənin ilk şərtlərindəndir. Ordunu dövlətin dayağı, xalqın güvənc yeri, qürur mənbəyi adlandıran Ulu Öndər Azərbaycan Ordusunun yaradıcısı olmuş, ordumuzu dövlət müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirmişdir. Azərbaycan Ordusunun inkişafı, müasirləşdirilməsi cənab Prezident İlham Əliyevin rəhbərliyi illərində də uğurla davam etdirilmiş, Azərbaycanda hərbi sənaye kompleksi yaradılmışdır. Bu gün ölkəmizdə 

formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Ordumuzun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Dost və qardaş ölkələrlə hərbi sahədə əməkdaşlıq, birgə təlimlərin keçirilməsi davam etdirilir. Vətən Müharibəsindəki tarixi Zəfərimizdən sonra da cənab Prezident hər fürsətdə bildirirdi ki,  Ordumuzun peşəkarlığı, dövlətimizin müdafiə gücü daha da artırılmalıdır. Demək olar ki, hər il dövlət büdcəsinə edilən əlavələrin əsas hissəsi məhz ölkəmizin müdafiə xərclərinin artırılmasına yönəlir. 


Fürsətdən istifadə edərək qeyd edim ki, Azərbaycan Respublikasının 2024-cü il üçün dövlət büdcəsinin layihəsi də qlobal iqtisadi meyllər və ölkəmizin qarşısında duran strateji çağırışlar nəzərə alınmaqla hazırlanmışdır. Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi yenə ən diqqət yetirilən sahələrdən biridir. Ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi üçün büdcədən 6,4 milyard manat vəsait ayrılacaqdır ki, bu da 2023-cü illə müqayisədə 6 faiz çoxdur. Bundan başqa xüsusi müdafiə təyinatlı layihələr və tədbirlərin maliyyə təminatı üçün ayrıca vəsait ayrılacaqdır. Bu vəsait ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına sərf olunacaqdır.  


Ordu quruculuğu sahəsindəki bu əzmkar fəaliyyət 44 günlük Vətən Müharibəsindəki qələbəmizin təməlini təşkil etdiyi kimi, Qarabağda cəmi 1 gün davam edən antiterror tədbirləri zamanı da gördük ki, Ordumuzun peşəkarlığı, ordu quruculuğunun hər zaman diqqət mərkəzində saxlanılması və müdafiə xərclərinin artırılması Ordumuzun bu vəzifəni qısa müddətdə yerinə yetirməsinə  şərait yaratdı.


Lakin unutmaq olmaz ki, biz qələbəni yalnız hərb yolu ilə qazanmamışıq. Bu həm də bizim  böyük siyasi, diplomatik qələbəmizdir. Ağdam, Kəlbəcər, Laçın rayonlarının döyüşsüz Azərbaycana qaytarılması bu diplomatik qələbənin nəticəsidir.  Zəfər diplomatiyası bir günə və ya bir neçə aya başa gələn iş deyil. Bunun arxasında uzun illər boyu aparılmış müdrik siyasət, böyük əzm və zəhmət dayanır. Azərbaycanın müstəqilliyini və suverenliyini tanıyan beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, tərəfdaş ölkələrin sayının artırılmasına yönələn xarici siyasət, qardaş Türkiyə başda olmaqla dost dövlətlərlə qarşılıqlı münasibətlərin inkişafı və ümumilikdə cənab Prezident tərəfindən beynəlxalq müstəvidə atılmış hər bir addım, verilmiş hər bir qərar  Azərbaycanın diplomatik uğuru olmuşdur. 


Ən əsası odur ki, Vətən Müharibəsi başa çatdıqdan sonra da biz bu uğuru, zəfəri və müvəffəqiyyətləri  davam etdirməyi bacarırıq. 23 aprel 2023-cü il tarixində  “Laçın” sərhəd-buraxılış məntəqəsi qurulması bizim növbəti qələbəmiz idi. Bununla Azərbaycan bütün sətrhədboyu nəzarəti ələ keçirmişdir. Ordumuzun Qarabağda başlatdığı antiterror tədbirləri nəticəsində separatçıların təslim olması isə ölkəmiz növbəti tarixi qələbəsidir. Lokal xarakterli antiterror tədbirlərinin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini təmin etdi.  


İndi qarşımızda duran əsas vəzifələrdən biri ölkəmizin “Böyük Qayıdış” missiyasını uğurla tamamlamaqdır. Cəmi 3 il ərzində işğaldan azad edilmiş ərazilərdə görülən təmir, bərpa-quruculuq işlərinin sürəti və keyfiyyəti sübut edir ki, bu missiya ən yüksək şəkildə yekunlaşacaqdır. Digər mühüm vəzifə isə cənab Prezidentin də vurğuladığı kimi tarixi fürsəti reallığa çevirmək və regionumuzda davamlı sülhə nail olmaqdır. Siyasi müdrikliyi, əzmi, əməyi və ən əsası xalqın dəstəyi və sevgisi ilə Prezident İlham Əliyevin liderliyi altında bu vəzifənin də öhdəsindən ən layiqli şəkildə gələcəyimizə heç bir şübhəm yoxdur. 


Çox böyük qürur və sevinc hissidir ki, Zəfərin üçüncü ildönümünü ərazi bütövlüyünü və  suverenliyini tam bərpa etmiş ölkə kimi qeyd edirik. Başda cənab Prezident olmaqla, hər kəsin Zəfər bayramını təbrik edirəm. 



Milli Məclisin Müdafiə, Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 

sədri Ziyafət Əsgərov

Xəbəri paylaş: