“Zəfər tarixi dövlətçilik səlnaməmizdir” - Əhliman Əmiraslanov

img

Vətən müharibəsi Azərbaycan tarixinə Zəfər Gününü yazdı. Bayramlarımız sırasına daha bir möhtəşəm tarixi gün əlavə olundu. Bu tarix 30 il həsrətlə gözlədiyimiz sevinci xalqımıza yaşatdı.

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğala son qoydu, düşmənin illərdir qurduğu istehkamları yarıb kecdi, hərbi texnikasını məhv etdi, qənimət kimi götürdü, Ermənistanı kapitulyasiyaya məcbur etdi. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Tarixdə 8 noyabr Azərbaycanın qələbə, Ermənistanın məğlubiyyəti oldu.  Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev qələbə Bəyannaməsini fəxrlə, Errmənistanın baş naziri Nikol Paşinyan isə gizli şəkildə imzaladı. İndi Azərbaycan xalqı qüdrətli Sərkərdə və müdrik lider İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşib bayram tədbirlərini keçirir, ermənilər isə siyasi xaos içərisindədirlər. Məhz bu fərqli yaşananlar qalib Azərbaycanın üstünlüklərinin, məğlub Ermənistanın məhvinin aydın mənzərəsini təqdim edir. Hər bir tarixi gün onun mahiyyətinin açıqlanmasında, bu günümüz və gələcəyimiz üçün önəminin düzgün dəyərləndirilməsində ən zəngin mənbədir. Bu baxımdan illər keçdikcə Zəfər Gününün, eyni zamanda, onun sevincini paylaşmaq üçün keçirilən tədbirlərin əhəmiyyəti daha aydın görünəcək. Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib.

Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi. Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilirdi. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan Ordusu maddi-texniki təchizat, döyüş hazırlığı və döyüş ruhu baxımından tam üstünlüyə malikdir.

Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olmuşdur. Prezident İlham Əliyev tərəfindən verilmiş müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur – beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir.

Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər. O cümlədən, Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərmişdir. Xüsusi qeyd olunmalıdır ki, 2021-ci ildə Müstəqil Azərbaycan dövlətinin Qurtuluş günündə, İyun ayının 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan qədim Azərbaycan şəhəri, türk mədəniyyətinin beşiyi olan Şuşada, sözün əsl mənasında, tarix səlnaməsini yazdılar. Vətən müharibəsində kürək-kürəyə olan qardaşlığın yeni tarixi mərhələsi-Şuşa Bəyannaməsi imzalanması mərasimi oldu. Şuşa Bəyannaməsi qardaşlıq əlaqələrimizi strateji müttəfiqlik səviyyəsinə çatdırdı. Enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar quruldu. İkitərəfli əlaqələrimiz təkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatdı. Beləliklə, Müzəffər Ali Baş Komandan, Rəşadətli Ordumuzla yazılan Zəfər tariximiz ölkəmizin ərazi bütövlüyü və süverenliyinin bərpası ilə nəticələndi. Və bu tarix Azərbaycan xalqının dövlətçilik səlnaməsi oldu.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov

Xəbəri paylaş: