Prezident, Ali Baş Komandan cənab İlham Əliyev Prezident seçildiyi ilk vaxtdan qarşıda duran bir nömrəli vəzifəsinin Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad edilməsi olduğunu vurğulamışdır.
Cənab İlham Əliyevin ölkəmizin iqtisadi gücünün artırılması, ordumuzun gücləndirilməsi istiqamətində apardığı uğurlu fəaliyyət qələbəmizi hər gün yaxınlaşdırırdı.
27 sentyabr 2020-ci ildən başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin tam qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu Ermənistan ordusunu darmadağın etdi. 8 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri işğaldan azad edildikdən sonra Ermənistan rəhbərliyi məğlub olduğunu anladı. 10 noyabr 2020-ci il tarixdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə atəşkəs elan edildi və Ermənistan üçtərəfli Bəyanatı imzalamaqla öz məğlubiyyətini rəsmən təsdiqlədi. Bununla da Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyuldu.
44 günlük Vətən müharibəsində dinindən, dilindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri Azərbaycan uğrunda, Vətən uğrunda bir oldular, düşmənə qarşı igidliklə, mərdliklə döyüşdülər. Azərbaycanın ərazi bütövlüyü təmin edildi və "DQMV"adlı ərazi tamamilə süquta uğradı. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir.
Azərbaycan döyüş meydanında olduğu kimi, danışıqlar masası arxasında da Ermənistan üzərində qələbə qazandı. Prezident cənab İlham Əliyevin qətiyyətli, güclü siyasətçi, mahir diplomat olması torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir.
Vətən müharibəsində Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi taktika və bu taktikanın mükəmməl icra edilməsi dünyanın bir çox hərbi məktəblərində öyrənilməkdədir.
Türkiyənin müharibənin ilk saatlarından Azərbaycana göstərdiyi dost, qardaş, eləcə də mənəvi və siyasi dəstəyi ölkəmizi xarici müdaxilələrdən qorudu.
İmzalanmış Bəyanata əsasən reallaşacaq bütün kommunikasiya layihələri vasitəsilə Naxçıvan Azərbaycanın əsas ərazisi ilə quru yollarla birləşəcək və bu tarixi bir hadisə olacaq. Üçtərəfli Bəyanatın imzalanması 30 illik erməni işğalına son qoydu, Qarabağın statusu məsələsi arxivə göndərildi və Ermənistanın "Böyük Ermənistan" xülyaları alt-üst oldu. Prezident cənab İlham Əliyevin müdrik, qətiyyətli siyasəti nəticəsində Ağdam, Laçın, Kəlbəcər rayonları, eləcə də Laçın şəhəri və rayonun Zabux- Sus kəndləri qan tökülmədən qaytarıldı.
15 iyun 2021-ci il mədəniyyət paytaxtımız Şuşa şəhərində tarixi bir gün yaşandı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Ərdoğan arasında imzalanmış "Şuşa Bəyannaməsi" iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərini ən yüksək zirvəyə qaldırdı. "Şuşa Bəyannaməsi" Ermənistan və onun havadarlarına eləcə də dünyaya bir mesaj idi. Azərbaycan və ya Türkiyə ilə kimsə güc, təhdid yolu ilə danışmaq istəsə qarşılarında Azərbaycan və Türkiyəni bir olaraq görəcəklər. Ölkələrimizin bütün sahələrdə əlaqələri ilbəil genişlənir və möhkəmlənir.
Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan sülh müqaviləsi imzalaması üçün beynəlxalq hüquqa əsaslanan 5 əsas prinsip irəli sürdü. Ermənistan tərəfi bu prinsipləri gəbul etdi. Ermənistanın Baş naziri 2022-ci il oktyabrın 6-da Praqada keçirilən görüşdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıması barədə Bəyannaməyə imza atdı. Təəssüflər olsun ki, Ermənistan dövləti 10 noyabr 2020-ci il üçtərəfli Bəyannamənin şərtlərinə əməl etmədi, Qarabağdakı Ermənistan ordusuna məxsus silahlı dəstələri ərazilərdən çıxarmadı.
Bu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təhdid idi. 2023-cü il aprelin 23-də "Laçın" sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi ilə Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. 2023-cü ilin sentyabr ayında uğurla həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz suverenliyini təmin etdi və Qarabağda separatizmin kökü kəsildi. Torpaqlarını işğaldan azad edib, bu əraziləri sürətli şəkildə yenidən quran Azərbaycan bütün dünyaya güclü, qüdrətli bir dövlət olduğunu nümayiş etdirdi.
Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor