Dosta güvən, düşmənə qorxu verən parad

img

Bu günlərdə Azərbaycan xalqı əldə olunan şanlı zəfərin 3 illiyini qeyd edir. 8 noyabr 2023-cü il tarixdə Xankəndidə baş tutan Zəfər paradı Azərbaycan torpaqlarının geri qaytarılması prosesinin sanki yekunlaşdığını təsdiqləyən və dünyaya nümayiş etdirən son mərhələ oldu. Möhtəşəm parad bir daha Azərbaycan ordusunun gücünü və qüdrətini bütün dünyaya göstərdi.

Hər şeydən əvvəl qeyd etmək gərəkdir ki, əldə olunan bu böyük qələbə Azərbaycan xalqının öz Prezidentinə etimadının və Prezidentin öz xalqı qarşısında verdiyi sözünü yerinə yetirməsinin nəticəsidir.


Cənab Prezident hakimiyyətə gəldikdən sonra dəfələrlə öz çıxışlarında, xalqa etdiyi müraciətlərində Azərbaycan torpaqlarının azad olunacağını, ərazi bütövlüyümüzün və suverenliyimizin tam şəkildə bərpa olunacağını vurğulamışdı.


Cənab Prezidentin hakimiyyətinin ilk illərindən ordu quruculuğuna, ölkənin müdafiə və hücum qabiliyyətinin artırılmasına, mütəmadi olaraq müasir silahların alınaraq Azərbaycan ordusunun inventarına daxil edilməsinə göstərdiyi xüsusi diqqətin nəticəsi idi ki, Azərbaycan əsgəri öz şücaətini göstərməklə qarşısına qoyulan tapşırığı tam şəkildə icra edərək maksimum nəticə əldə etdi.


Əldə olunan zəfər, çox böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər şanlı qələbə tapmaq çox çətindir. Azərbaycan çox qısa müddətdə apardığı hərbi əməliyyatlar nəticəsində dünya tarixində bənzərinə çox az rast gəlinə biləcək bir qələbəyə imza atdı. Bu uğurlu nəticə bir daha həm Azərbaycan ordusunun gücünün, həm də illər boyu aparılan xarici siyasətin nə qədər doğru olduğunun bir sübutu oldu.


Vətən müharibəsinin yekunu kimi Zəfər paradı onu da sübut etdi ki, İlham Əliyev şəxsiyyəti sözü və əməli bir liderdir. Bu sözləri deməyə bizə Cənab Prezidentin 20 illik məqsədyönlü və planlı siyasətinin nəticəsi olaraq torpaqlarımızın düşmən tapdağı altından azad olunması əsas verir. Məhz bu siyasətin məntiqi nəticəsidir ki, Azərbaycan 44 günlük hərbi əməliyyatlar zamanı həmin vaxtadək obrazlı desək əkdiyi məhsulun bəhrəsini gördü.


Tarixə nəzər salsaq görərik ki, bir çox hallarda hər hansı bir dövlətin beynəlxalq hüquqi məsuliyyət doğura biləcək hərəkəti cavabsız qalır, ədalət bərpa olunmur. Buna ən bariz nümunə elə Ermənistandır. Ermənistanın uzun illər boyunca Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətini təəssüflər olsun ki, dünya birliyi susqunluqla qarşılamaqdan, onu görməzdən gəlməkdən başqa bir şey etmədi. Ancaq bu gün Cənab Prezidentin də dəfələrlə öz çıxışlarında qeyd etdiyi kimi Azərbaycanın həm tarixi, həm siyasi, həm də beynəlxalq hüquqi müstəvidə haqlı və ədalətli mövqeyini müdafiə edərək öz əzəli torpaqlarını geri qaytarması həm də beynəlxalq hüquqi müstəvidə ədalətin təmin olunması funksiyasını öz üzərinə götürmüş BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etmiş olmaqla bu istiqamətdə yeni bir presedent də yaratmış oldu.


Bir vacib məqamı da vurğulamaq lazımdır ki, 3 il bundan öncə Möhtərəm Cənab Prezidentin vəziyyəti doğru dəyərləndirərək Şuşa zəfərindən sonra kapitulyasiyaya hazır olan düşmənin atəşkəs təklifini qəbul etməsi, Kəlbəcər, Laçın və Ağdam rayonlarının itki vermədən Azərbaycana qaytarılmasını təmin etmiş olmaqla yanaşı, qısa zaman öncə uğurlu antiterror tədbirləri nəticəsində oktyabr ayının 15-də Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran rayon və şəhərlərində də Azərbaycanın suverenliyinin bərpa olunmasını təmin edən faktor oldu.


Qəhrəman Azərbaycan ordusunun 44 günlük əməliyyatlar nəticəsində əldə etdiyi zəfər, 24 saatdan az bir müddətdə terrorist qüvvələri təslim olmağa məcbur edən antiterror tədbirləri, Azərbaycan xalqınının 44 günlük müharibə zamanı sərgilədiyi döyüş ruhu, qələbəyə olan inamı Cənab Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi idi. 


Cənab Ali Baş Komandan İlham Əliyevin öndərliyində Xankəndidə keçirilən möhtəşəm parad təkcə şanlı ordumuzun böyük zəfərinin kulminasiya nöqtəsi deyildi, bu parad həm də Azərbaycana qarşı qisas hissi ilə yanıb tutuşan qüvvələrə qarşı dəmir yumruğun yerində olduğunu təkrar xatırladan, dosta güvən, düşmənə qorxu verən ismarıc idi.


Milli Məclisin Müdafiə, Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 

sədri Ziyafət Əsgərov

Xəbəri paylaş: