Bakı Beynəlxalq Kitab Sərgisində “Genderə giriş” kitabının təqdimatı olub

img

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyevanın “Genderə giriş” (“İntroduction to Gender”) kitabının təqdimatı keçirilib.


Rezonans.az  xəbər verir ki, Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Emil Şahzadə kitab haqqında ümumi məlumat verib. Bildirib ki, bu gün təqdimatı keçirilən “Genderə giriş” mühazirələr toplusu kitabı təkmilləşdirilərək və ingilis dilinə tərcümə olunaraq ombudsmanın ümumi redaktəsi ilə dərc edilib. Kitabda gender bərabərliyinin və qadın hüquqlarının müdafiəsi üzrə bir sıra aktual məsələlərə toxunulub. Həmçinin qeyd edilib ki, ombudsmanın təşəbbüsü ilə artıq bir neçə ildir Bakı Dövlət Universitetində Genderə giriş fənni müstəqil fənn kimi tədris olunmaqdadır.

Qeyd olunub ki, Ombudsman təsisatı fəaliyyətə başladığı dövrdən hüquq elminin inkişaf etdirilməsinə, əhali arasında hüquqi maarifləndirmə işinin həyata keçirilməsinə, onların hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsinə xüsusi diqqətlə yanaşır. Məhz bu məqsədlərlə təsisat tərəfindən yeni nəşrlərin ərsəyə gətirilməsi istiqamətində bir sıra işlər aparılır.

“Eyni zamanda, hüquq elminin inkişafı məqsədilə insan hüquqları üzrə ilk ixtisaslaşdırılmış kitabxana olan İnsan Hüquqları Kitabxanası yaradılıb. Burada Azərbaycan, rus və ingilis dillərində 11 mindən artıq ədəbiyyat mövcuddur. Builki sərgidə təsisatın 240 adda nəşri sərgilənir. Yuxarıda adları qeyd edilmiş çap vəsaitləri sərgidə nümayiş olunur”, - deyə E.Şahzadə diqqətə çatdırıb.

Bildirilib ki, Ombudsman təsisatı tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirici çap vəsaiti də yaxın zamanda işıq üzü görəcək.


Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova və İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Sevinc Şener qadınların pozulmuş hüquqlarının bərpası, gender bərabərliyinin təmini və təbliği istiqamətlərində təsisat tərəfindən geniş fəaliyyət həyata keçirildiyini bildiriblər. Diqqətə çatdırılıb ki, cəmiyyətin hər bir üzvü kimi Azərbaycan qadını da postmünaqişə dövründə həyata keçirilən tədbirlərdə, o cümlədən sülh quruculuğu prosesində yaxından iştirak etməli, öz bilik və bacarığını əsirgəməməlidir.


Təqdimat müzakirələrlə davam edib.

Xəbəri paylaş: