Ağdama qayıdışın 3-cü ili

img

Artıq Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 3 il ötür. Bu gün Ağdamın işğaldan azad olunmasının üçüncü ilini böyük qürur və sevinc hissi ilə bayram edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü diplomatiyasının əsl nümunəsi olan, bir güllə atılmadan azad olunmasına nail olduğu Ağdam hazırda inkişaf və quruculuğun yeni rəmzlərindən birinə çevrilmişdir.  


“Ağdam” sözünün etimologiyası barədə müxtəlif versiyalar irəli sürülür. Ən çox üzərində dayanılan versiya türk qəbilələrinin düşmənlərdən müdafiə olunmaq məqsədi ilə çox vaxt düzənlik yerlərdə kiçik qalalar inşa etməsi və "ağdam" sözünün də qədim türk dilində "kiçik qala" mənası daşımasıdır. Sonradan "Ağdam" kəlməsinin "işıqlı, ağ bina" anlamı qazandığı da mənbələr arasında yer alır. Bu adın yeni məna daşımasının əsl səbəbini XVIII əsrdə Pənahəli xanın özünə ağ daşdan ev tikdirməsi ilə əlaqələndirirlər. Həmin ev bir-biri ilə həmahəng olan tikililərdən ibarət bütöv bir kompleks - ağ imarət idi.

Qarabağ inzibati regionuna daxil olan Ağdam şəhəri zəngin tarixə və arxeoloji abidələrə malikdir. Bölgədə XX əsrin 50-ci illərindən başlayaraq arxeoloji qazıntılar aparılmağa başlanmışdır. Qazıntılar nəticəsində məlum olmuşdur ki, Ağdamda insanlar hələ ibtidai icma quruluşu dövründən məskunlaşıblar. Aparılan tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq arxeoloqlar qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.

Təəssüflər olsun ki, qədim tarixi və zəngin mədəni irsi olan olan Ağdam 30 il bundan öncə erməni işğalına məruz qalaraq dağıdılmışdır. 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş Ağdamın 846,8 kv. km-i, yəni 77,4%-i, 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Erməni işğalı nəticəsində Ağdama külli miqdarda ziyan dəyib. Ağdam şəhəri, oradakı çox sayda tarixi abidələr, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də birinci, dünyada ikinci olan Çörək Muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.

İşğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu olub. Ağdam düşmənlə döyüşlərdə 6 mindən çox şəhid verib. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri məcburi köçkünə çevrilib. 

BMT Təhlükəsizlik Şurasının Ağdamın işğalı ilə bağlı “İşğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması”nı tələb edən 1993-cü il 29 iyul tarixli 853 saylı Qətnaməsi kağız üzərində qalaraq icra olunmamışdı. Ərazi bütövlüyümüzün təmin olunması istiqamətində aparılan danışıqlar Ermənistan rəhbərliyinin mütəmadi olaraq qeyri-konstruktiv mövqe nümayiş etdirməsi ucbatından 27 il ərzində nəticəsiz qalmışdı.

Və nəhayət o gün gəldi çatdı... 44 günlük Vətən müharibəsinin yekununda Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti ilə bir güllə atılmadan azad olunan Ağdam artıq yenidən quruculuğun baş mərkəzinə çevrilibdir. Cənab Prezident İlham Əliyev üç il bundan öncə noyabrın 20-də xalqa müraciətində Ağdam üçün yeni dövrün başlandığını, rayonun bərpasının gələcək planlarda xüsusi yer tutacağını bildirmişdi: "Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur”.

Şanlı Qələbəmiz nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdama da həyat yenidən qayıdır. Bir zamanlar nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdamda indi böyük quruculuq, təmir-bərpa işləri aparılır.

İşğaldan azad edildikdən sonra Prezident İlham Əliyev Ağdama 5 dəfə səfər edib. 23 noyabr 2020-ci il, 28 may 2021-ci il, 13 fevral 2022-ci il, 4-5 oktyabr 2022-ci il, 15 oktyabr 2023-cü il tarixlərində gerçəkləşən bu səfərlərin hər birində çox mühüm tarixi hadisələr yaşanıb. Bu səfərlər zamanı ölkə Prezidenti yeni layihələrin təməlini qoyub, açılışlar edib və rayon ictimaiyyəti ilə görüşərək rayonun yaxın gələcəkdəki inkişaf istiqamətlərindən danışıb. 

Prezident İlham Əliyevin xalqa müraciəti zamanı da vurğuladığı Baş Plan qısa müddətdə hazırlanaraq 2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuşdur. Həmin Baş Plana əsasən aparılan quruculuq işləri nəticəsində Ağdama müxtəlif zamanlarda səfərləri çərçivəsində dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunun; 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağacların əkilməsi; Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının; Ağdam Sənaye Parkının; Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin; 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının; Ağdam şəhərinin bərpasının təməl daşının qoyulmasının; “Park Forest Otel Ağdam” və “City Hotel Agdam” mehmanxanalarının210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının; Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin; Xıdırlı, Kəngərli, Sarıcalı kəndlərinin; Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin; Dəmir yolu və Avtovağzal Kompleksinin və Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimlərində iştirak edib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edilmiş, Ağdamın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Cənab Prezidentin digər bir təşəbbüsü ilə 31 iyul 2023-cü il tarixli Sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Adıçəkilən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunmuşdur. 


Milli Məclisin Müdafiə, Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 

sədri Ziyafət Əsgərov

Xəbəri paylaş: