"Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir" - Ziyafət Əsgərov

img

Məlum olduğu kimi, Noyabrın ayının 21-i Yeni Azərbaycan partiyasının təsis olunması günüdür. Əlbəttə, bu tarix dövlətimizin tarixində əbədi xatırlanacaq xilas günlərindən biridir. Yeni Azərbaycan Partiyası  1992-ci il 21 noyabr tarixində Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Partiyanın yaranma tarixinə diqqət etsək görərik ki, bu həm də Azərbaycanın müstəqilliyini bərpa etməsi tarixi ilə demək olar ki, üst-üstə düşür.  Həmin dövrdə Azərbaycanda mövcud olmuş siyasi-ictimai vəziyyət hamımıza yaxşı bəllidir. Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərini yaşayırdı, yenicə bərpa etdiyimiz müstəqilliyimiz, dövlət olaraq bütövlüyümüz, millət və xalq olaraq varlığımız böyük təhlükə qarşısında idi. Ərazi bütövlüyümüz pozulmuşdu, ölkə iqtisadi cəhətdən olduqca ağır vəziyyətdə idi, hərbi müxalifət baş qaldırmışdı, AXC-Müsavat iqtidarının səriştəsizliyi və hakimiyyət uğrunda apardıqları çəkişmələr mövcud ağır vəziyyəti daha da çıxalmaz hala salmışdı. Həmin xaos və siyasi hərci-mərclik vəziyyəti ürəyi vətən sevgisi ilə döyünən istənilən azərbaycanlının yaddaşından heç vaxt silinməyəcək. Elə məhz Azərbaycanın ən yeni tarixinə “91-lər” kimi düşmüş belə vətənsevər ziyalılarımızın təşəbbüsü Yeni Azərbaycan Partiyasının yaradılmasının başlanğıcını qoymuşdur. Azərbaycanın görkəmli ziyalıları, nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə yeni partiyanın yaradılması və Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsi  xahiş olunurdu.


Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirildi və sonda tarixi qərar - Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilməsi qərara alındı. 


Xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından  sonra bütün bu xaosa, ölkəni tənəzzülə aparan hərc-mərcliyə son qoyuldu, Azərbaycan sözün əsl mənasında müstəqil dövlətə çevrildi. Həmin andan bu günə kimi Azərbaycanın qazandığı uğurlarda Yeni Azərbaycan Partiyasının böyük rolu var.

Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır, Ulu Öndərin mükəmməl şəkildə obrazlı ifadə etdiyi kimi,  “dünənin, bu günün və sabahın partiyası”dır. Bunun artıq sübuta ehtiyacı yoxdur. Ölkəmizin keçdiyi inkişaf yolu və bu günkü qüdrəti özü bu fikri təsdiq edir. Yeni Azərbaycan Partiyasının böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP artıq ölkəmizin deyil, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. 

Ulu Öndər ölkəmizin müstəqilliyini dönməz və əbədi edən dahi şəxsiyyət, müasir Azərbaycanın qurucusudur. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra  Azərbaycan daim inkişaf yolu ilə inamla irəlilədi, onun  sədrliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası isə Azərbaycanın gələcək inkişaf yoluna sözün əsl mənasında yol göstərən aparıcı siyasi qüvvə rolunu oynadı.  Çünki, elə Partiyamız yaranan andan onun  əsas məqsədi  Azərbaycan xalqına xidmət etmək, xalqın rifahını qaldırmaq,  Azərbaycanı güclü dövlətə çevirmək idi. Ulu Öndər və onun layiqli davaçmısı Prezident İlham Əliyev dövlətimiz və xalqımız qarşısında görstərdikləri əvəzsiz xidmətləri ilə bu missiyanın öhdəsindən uğurla gəlmişdir. YAP-ın yarandığı tarixdən ötən 30 ilin hər bir uğurlu səhifəsi isə Ulu Öndərin  və cənab İlham Əliyevin misilsiz xidmətləri ilə  vəhdət təşkil edir. 

Yarandığı andan bu günə qədər Yeni Azərbaycan Partiyası hər bir qurultayı Azərbaycanın siyasi həyatında mühüm hadisə olmuşdur. 2005-ci il 26 mart tarixində keçirilmiş YAP-ın III qurultayı  xüsusi yer tutur. Məhz həmin vaxt Partiyanın yeni sədri cənab İlham Əliyev seçilmişdir. Bu mənada 5 mart 2021-ci il tarixində keçirilmiş Yeni Azərbaycan Partiyasının son- VII Qurultayının rolu da xüsusi qeyd edilməlidir. VII Qurultayda partiyamızın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edilmiş və ən əsası YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuşdur. Yeni Nizamnamənin təsdiq edilməsi yol xəritəsi kimi partiyamızın gələcək fəaliyyətinin istiqamətlərini dəqiqləşdirməkdə olduqca vacibdir. Əvvəlki Nizamnamənin qəbul edilməsindən keçən müddət ərzində dünyada və ölkəmizdə baş verən dəyişiklikləri nəzərə alsaq, qazandığımız uğurlar, yaratdığımız yeni reallıqlar, müasir dövrün yeni çağırışları Partiyanın yeni Nizamnaməsinin qəbul edilməsini şərtləndirirdi. 

VII Qurultayda təsdiqini tapan mühüm məsələlərdən biri də bu olmuşdur ki, partiyamız hər zaman siyasi varislik prinsipinə sadiqdir. Siyasi təcrübə ilə gənc nəslin fəaliyyətinin vəhdəti varislik prinsipini qorumaqla yanaşı, həm də partiyamızın fəaliyyətinin səmərəliliyini artırır. Partiyamızın fəaliyyətinin əsasını təşkil edən digər mühüm bir prinsip isə siyasi dialoqdur. Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin ən böyük partiyası kimi ölkədə həmrəylik mühitinin bərqərar olunmasına və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına hər zaman böyük töhfə verib. Yeni Azərbaycan Partiyası iqtidar-müxalifət dialoqunun hüquq bərabərliyi şəraitində səmərəli qurulmasına da xidmət edir.  2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir.


Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əzəmətli Azərbaycan Ordusunun torpaqlarımızı düşmən işğalından azad etməsindən, ərazi bütövlüyümüzün, bütün sərhədlərimiz daxilində suverenliyimizin tam bərpa edilməsindən sonra qüdrətli Azərbaycanın ən böyük aparıcı siyasi qüvvəsi olan  Yeni Azərbaycan Partiyası daha əzmlə çalışaraq, vətənə, xalqa xidmət etməyə davam edir. Qalib və qüdrətli müasir Azərbaycan YAP yaradılarkən qarşıya qoyulmuş bütün məqsədlərə nail olmuşdur. Bundan sonra yeganə məqsədimiz bu uğurları qoryumaq və ölkəmizi daha da yüksəklərə qaldırmaqdır. 



Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov

Xəbəri paylaş: