Dövlət başçısı İlham Əliyev ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini belə xarakterizə edir: “Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk.
Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.” Ölkəmizin etibarlı tərəfdaş, dost ölkələrlə əməkdaşlığa açıq olması da burada mühüm rola malikdir. Azərbaycanın Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsi olduğunu vurğulayan Prezident İlham Əliyev vurğulayır ki, Mərkəzi Asiyadakı qardaşlarımız Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturunun onlar üçün açıq olduğunu bilirlər. Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının keçirilən Zirvə görüşü bir daha bu kimi məqamlara işıq saldı. Keçirilən hər bir tədbir iştirakçı ölkələrin malik olduqları imkanların təqdimatında öz sözünü deyir. Cənab İlham Əliyev bir daha iqtisadi müstəqilliyimizi təsdiq edən sosial-iqtisadi göstəricilərimizi tədbir iştirakçılarının diqqətinə çatdırdı. Son 20 ildə Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə, büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir. Yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Azərbaycan investisiya cəlbediciliyini qoruyur. Belə ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə yaradılan sabitlik investisiya axınını sürətləndirdi. Azərbaycan qısa müddətdə sabitlik diyarı, böyük investisiyalar məkanı kimi nüfuz qazandı. Ölkə iqtisadiyyatına investisiya yatırmaqda maraqlı olan dövlətlərin, şirkətlərin sayı artdı. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın bu gününə və sabahına inamı artırdı. Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi hazırda əsas prioritetlər sırasındandır. Ölkəmizdə əlverişli investisiya mühitinin mövcudluğu rəqəmlərdə də öz təsdiqini tapıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Onu da qeyd edək ki, hazırda işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi imkanlarının təqdimatıdır. Ölkəmiz sıfırdan bütün işləri öz daxili imkanları hesabına aparır. Yeni şəhərlər və kəndlər inşa edilir. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündə bu hədəfləri açıqladı ki, ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq: “Bu ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaq. Bu qardaşlıq dəstəyinə görə Şavkat Miromonoviç Mirziyoyevə və Kasım-Jomart Kemeleviç Tokayevə bir daha təşəkkürümü bildirirəm.” Zirvə görüşünə fəxri qonaq qismində qatılan Macarıstanın Baş naziri Viktor Orban ilə Prezident İlham Əliyevin görüşündə bu mühüm məqam da xüsusi qeyd edildi ki, noyabrın 24-də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasiminin Macarıstanla birgə həyata keçirilməsi böyük əhəmiyyətə malikdir. Bu layihə macar şirkətlərinin iştirakı ilə icra olunacaq. Hazırda tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləyir. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyi ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Bu gün ölkəmizin ikitərəfli əlaqələri yüksələn xətlə inkişaf edir. Bu günlərdə ölkəmizə ilk rəsmi səfərini edən İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycana səfərindən məmnun qaldığını “Sizi görmək hər zaman xoşdur. Əlaqələrin gücləndirilməsi, ticarət, siyasət, eləcə də beynəlxalq məsələlərə dair Sizdən məsləhət almaq çox yaxşı haldır. Biz iki ölkə arasında əlaqələrimizi daha da gücləndirməkdə çox qətiyyətliyik. Gələn ay sizin nümayəndə heyətini qəbul etməyi gözləyirik və ümidvaram ki, o, çox səmərəli olacaq” fikirləri ilə ifadə etdi. Diplomatik əlaqələrin tarixində ilk olan bu rəsmi səfərin tərəflər üçün faydalı olacağı vurğulandı. Hər bir səfər əməkdaşlığın daha da möhkəmləndirilməsində, münasibətlərdə yeni istiqamətlərin müəyyənləşdirilməsində öz sözünü deyir. Dövlət başçısı İlham Əliyevin şəxsi nüfuzu, uğurlu siyasəti, Azərbaycanın hər bir sahədə zəngin təcrübəsi əlaqələrin daha sıx olmasında əhəmiyyətli rol oynayır.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri