Hərbi Prokurorluqda Heydər Əliyevlə bağlı tədbir keçirildi

img

Bu gün Hərbi Prokurorluqda nəhəng tarixi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Hərbi Prokurorluqdan Rezonans.az-a verilən məlumata görə, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasındakı “Heydər Əliyev guşəsi”ndə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, dünyaşöhrətli siyasətçinin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Mərasimdə çıxış edən Baş prokurorun müavini-Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə millətinə bağlı olan, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxaran, müstəqilliyə gedən yolumuzu və istiqbalımızı işıqlandıran dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən ətraflı danışıb. 

Dahi şəxsiyyət Heydər Əliyevin xalqın israrlı tələbi ilə qayıdışından sonra hər şeyin müsbətə doğru dəyişdiyini vurğulayan Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən bu böyük qayıdışdan sonra vətəndaş müharibəsinin, eləcə də müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alınıb, cinayətkar dəstələr zərərsizləşdirilib, separatçı meyillərə son qoyulub, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər görülüb, bununla da Azərbaycan tərəqqi yoluna qədəm qoydu. “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamından söz açan ədliyyə general-leytenantı Xanlar Vəliyev sözügedən Sərəncamın və onun əsasında hazırlanan tədbirlər planlarının müddəalarının aidiyyəti qurumlar, o cümlədən Hərbi Prokurorluq Orqanları tərəfindən böyük qürur və fərəh hissləri ilə uğurla icra edildiyini, bu müqəddəs missiya ilə əlaqədar Hərbi Prokurorluq tərəfindən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları, eləcə də müxtəlif dövlət qurumları, şəhər və rayon rəhbərlikləri ilə birlikdə 20-dən artıq tədbir keçirilib.

Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində ölkəmizdə müstəsna əhəmiyyətli nəhəng işlər görülüb, çoxşaxəli köklü islahatlar həyata keçirilib, bütün istiqamətlərdə misli görünməmiş uğurlar əldə olunub.

Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, Prezident İlham Əliyevin mükəmməl siyasi strategiyası və yorulmaz fəaliyyəti ilə xalqın müdrikliyinin və əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən postpandemiya dövrünə, eləcə də müharibədən çıxmış ölkə olmağımıza rəğmən dövlətimizin eyni templə hərtərəfli qüdrətlənməsi və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı bu gün də uğurla təmin edilir.

Milli Məclisin deputatları Cavanşir Feyziyev “Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolu”, Arzu Nağıyev “Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyəti”, İqbal Məmmədov “Ümummilli Lider Heydər Əliyev və Azərbaycançılıq”, Vüqar İsgəndərov “Ulu Öndər Heydər Əliyev irsi, müstəqil dövlətçilik” və Jalə Əhmədova “Ümummilli Lider Heydər Əliyev Azərbaycanda dövlət quruculuğunun banisidir” mövzularında məruzələr söylədilər və Xalq şairi Vahid Əziz Ulu Öndərlə bağlı xatirələri bölüşüb.

Çıxışının sonunda ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd edib ki, dəyərli və mənalı ömrünü millətinə həsr edərək Vətən qarşısında misilsiz xidmətlər göstərməklə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış dünya siyasətinin parlaq siması Ulu Öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq, böyük tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman dərin ehtiramla yad ediləcək.

Xəbəri paylaş: