6 dekabr 2023-cü il tarixdə Bakıda “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib.
Forumdakı çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionda vəziyyətin dəyişdiyini və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarının Azərbaycan olduğunu bildirmişdir: “Bu təbiidir, çünki biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməli idik. Biz bunu sülh yolu ilə etmək istəyirdik, eyni şəkildə biz təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdik. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı.”.
30 ildir ki, torpaqlarımız işğal altında idi. Bu müddət ərzində Azərbaycan dövləti danışıqlar prosesi zamanı gedən müzakirələrdə münaqişənin sülh yolu ilə həll olunmasında maraqlı tərəf kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı təşəbbüsləri hər zaman dəstəkləmiş, konstruktiv mövqe nümayiş etdirmişdir. Ancaq Ermənistan rəhbərliyinin bu illər ərzində sərgilədiyi qeyri-konstruktiv mövqe, “Danışıqlar xətrinə danışıqlar” aparması, münaqişənin həllinə mane olan ən böyük əngəl olmuşdur.
Torpaqlarımızın işğaldan azad olunmasından sonra ölkə rəhbərliyinin qarşısında duran başlıca məqsədlərdən biri də keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qaytarılmalarını, onlar üçün ən yaxşı şəraitin yaradılmasını təmin etmək olmuşdur.
Bu gün artıq həmin ərazilərdə tikinti, bərpa-quruculuq işləri aparılır, şəhər və kəndlər planlı şəkildə ən müasir texnoliji nailiyyətlərdən istifadə olunmaqla yenidən qurulur və bərpa olunur, yeni yaşayış binaları, mədəni və sosial obyektlər tikilir.
Zaman göstərdi ki, Azərbaycan doğru siyasət aparıb. Bu məqsədlə illərcə ordu quruculuğu istiqamətində görülən işlər, ən müasir silahların alınması, ordumuzun mütəmadi olaraq güclü ordusu olan dövlətlərlə hərbi sahədə qurulan əməkdaşlıq əlaqələri çərçivəsində həmin ölkə mütəxəssislərinin təlimlərinə cəlb olunması; regional və beynəlxalq səviyyədə siyasi əlaqələrin qurulması və gücləndirilməsi istiqamətində görülən işlər, bir sıra beynəlxalq təşkilatlara üzv olunması və onların aparıcı üzvlərindən birinə çevrilməsi; bütün bunlar öz bəhrəsini verdi və Azərbaycan öz haqlı mövqeyini özü bərpa etmiş oldu.
Forumdakı çıxışı zamanı Qarabağdakı erməni əhalisinin statusu ilə bağlı məsələyə də toxunan Prezident İlham Əliyev: “Qarabağda yaşayan erməniləri öz vətəndaşımız hesab edirik. Onlar separatçıların liderləri tərəfindən manipulyasiya edilirlər. Biz onlara həmin ərazidə qalmaq və yaşamağa davam etmək üçün şərtlərimizi təklif etdik. Bu, tamamilə beynəlxalq hüquqa uyğun idi. Onların edəcəkləri yeganə iş Azərbaycan vətəndaşlığı üçün müraciət etmək idi. Onların hüquqları və təhlükəsizliyi məsələləri də nəzərə alınmışdı.” deyə vurğuladı.
Azərbaycan vətəndaşlığını almaq istəyən ermənilərin qeydiyyatdan keçmələrinin təmin olunması ilə bağlı reinteqrasiyaya dair elektron portal yaradıldı. Azərbaycan öz üzərinə düşəni artıqlaması ilə yerinə yetirərək erməni əhalisi üçün bir sıra mühüm beynəlxalq sənədlərdə öz əksini tapmış milli azlıqlarla bağlı, dil ilə bağlı, ana dilində təhsil ilə bağlı, yerli özünüidarə (bələdiyyələr) və digər istiqamətlər üzrə təkliflərini yerli əhaliyə bildirdi.
Azərbaycan sübut etdi ki, münaqişənin müharibə yolu ilə həlli var. Ədalətli şəkildə və müharibə aparılması qaydalarına uyğun həyata keçirilmiş hərbi əməliyyatlar beynəlxalq münaqişənin həlli ola bilər. Bu artıq yeni reallıqdır.
Uzun illər davam edən zülmə və haqsızlığa baxmayaraq, münaqişənin öz həllini tapmasından sonra Azərbaycan dövləti konstruktiv mövqeyini davam etdirərək Ermənistan tərəfi ilə sülh sazişinin bağlanmasına hazır olduğunu bəyan etmişdir.
Bu gün bəzi beynəlxalq təşkilatların nümayəndələri Azərbaycana qarşı qərəzli mövqedən çıxış edərək, artıq həllini tapmış münaqişə ilə bağlı absurd fikirlər səsləndirməklə Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa, uğurla aparılmış müharibə əməliyyatlarını və müharibədən sonra regionda yaranan yeni reallıqları görməzdən gəlməyə və artıq növbəti mərhələ kimi Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olmağa çalışırlar.
Bu mənada Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Cozep Borel tərəfindən son olaraq səsləndirilən fikirlər tamamilə absurddur və birmənalı olaraq Azərbaycanın münaqişənin həll olunması istiqamətində atdığı addımlara kölgə salmaq niyyəti daşıyır.
Ermənistan başa düşməlidir ki, bu gün 2 ölkə arasında sülh sazişinin imzalanması onlara daha çox lazımdır. Azərbaycana qarşı yürüdülən işğalçılıq siyasətinin nəticəsidir ki, illərdir çox mühüm strateji və iqtisadi-siyasi əhəmiyyəti olan nəqliyyat-kommunikasiya qovşaqlarından kənarda qalıblar. Quru sərhədləri vasitəsilə ölkə xaricinə çıxışları məhduddur. Bu gün artıq beynəlxalq səviyyədə güc mərkəzlərindən birinə çevrilmiş Türkiyə Respublikası ilə sərhədləri bağlıdır.
Artıq Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb və Qarabağ yaranan bu reallıqların mərkəzində dayanır. Heç şübhəsiz ki, bu reallıqların formalaşması illər boyu Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir. Ermənistan da, onun havadarları da bu reallıqlarla nə qədər tez barışsalar yəqin ki, onlar üçün bir o qədər yaxşı olar.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin
sədri Ziyafət Əsgərov