“Zəfər seçkisi həm də ədalətli rəqabət mühitini təmin edəcək” - Komitə sədri

img

7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.

Bu, həmdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyətinin, “Nəyi, necə və nə vaxt etmək lazımdır bilirəm” prinsipini atdığı addımlarda təsdiqinin, hər bir vədinin reallıqlarda ifadəsini tapmasının göstəricisidir. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəklər. Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Necə ki, böyük Heydər Əliyev yalnız xalqa - ona canı-qanı ilə dəstək olmağa hazır olan milyonlara güvənərək müasir Azərbaycan dövlətini qurdu, Prezident İlham Əliyev də tam yeni Azərbaycanın quruculuğunda heç bir amilə yox, məhz xalqın etimadına güvənərək erkən seçkilərə gedir. Bu, Liderin xalqına inamı, xalqın isə Prezidentinə olan etimadının ən ali göstəricisidir.

Bu, eyni zamanda, xalq üçün bir fürsətdir ki, 20 ildir bizi qələbədən-qələbəyə aparan, Azərbaycanı qalib dövlətə çevirən müzəffər Liderinə özünün minnətdarlığını çatdırsın. Növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir. Növbəti seçkilər bəzi hallarda təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Azərbaycan bu təcrübəni ötən parlament seçkilərində də tətbiq etdi. 2020-ci ilin 9 fevral tarixində ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirildi. Azərbaycanın bu addımı beynəlxalq miqyasda demokratik inkişafın daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım kimi dəyərləndirildi. Ölkədə hökm sürən ab-havanın göstəricisi təbii ki, seçkilərdir. İlk gündən demokratik cəmiyyət quruculuğu yolunu tutan Azərbaycan daim bu dəyərlərə hörmətlə yanaşır, onların sözdə deyil, əməldə öz təsdiqini tapmasını sübut edir. Bu gün ölkəmizdə bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir. Seçkilərin demokratik, azad, beynəlxalq standartlara uyğun keçirilməsini təmin edən qanunvericilik bazası mövcuddur. 2003-cü ildə qəbul edilən Seçki Məcəlləsi dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilir, hər bir seçki prosesinin, ümumxalq səsverməsinin demokratikliyini, şəffaflığını təmin edir.

Dövlətimizin başçısının yuxarıda adı çəkilən Sərəncamında da bu mühüm müddəa öz əksini tapıb ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin. Belə ki, ölkəmizdə bütün sahələrdə dərin islahatlar prosesi aparılır. Regionda tam müstəqil siyasət həyata keçirən bir ölkənin olması və Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin daha da gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, siyasi sistemin təkmilləşdirilməsi dövlətimizin siyasətində əsas hədəflərdən biridir. Bu sırada “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunu, bütün siyasi partiyalara demokratik şəraitdə fəaliyyət göstərmələri üçün zəruri imkanların yaradıldığını qeyd edə bilərik. Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması  prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma da ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinə bariz nümunəsidir.   

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov

Xəbəri paylaş: