Prezident cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində Azərbaycana dost və strateji tərəfdaş dövlətlərin sayı artmaqdadır.
Son illər Azərbaycanla Mərkəzi və Şərqi Avropa dövlətləri arasında siyasi, iqtisadi əlaqələr yüksək səviyyəyə çatmışdır. Bir çox Avropa dövlətləri Azərbaycanın etibarlı tərəfdaş ölkə olduğunu vurğulayırlar. Prezident cənab İlham Əliyev Serbiyanın Niş şəhərində Qaz İnterkonnektorunun açılışı mərasimində Azərbaycanın Avropa dövlətlərinin enerji təhlükəsizliyindəki rolu, bu dövlətlərlə Azərbaycan arasında dostluq əlaqələri, eləcə də Avropaya enerji ixracında gələcək planlar barədə çıxış etdi.
Azərbaycanla Serbiya arasında əlaqələr sürətli şəkildə inkişaf edir. İki dövlət liderinin dostluq münasibətləri ölkələr arasında əlaqələrə böyük töhfə verir. Azərbaycanla Serbiya dövləti arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə əlaqələrin yüksək səviyyədə olmasının nümunəsidir. Daha bir Avropa ölkəsi olan Bolqarıstanla da Azərbaycan arasında strateji tərəfdaşlıq sazişi bağlanmışdır. Hazırda Serbiya da daxil olmaqla Azərbaycan qazı 9 ölkəyə ixrac edilir ki, bunların 7-si Avropa dövlətləridir. Yaxın vaxtlarda bu coğrafiya daha da genişlənəcək.
Keçən il Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış Anlaşma Memorandumuna əsasən 2027-ci ilə qədər Avropaya qaz həcmi iki dəfə artırılacaq.
Bakı-Tbilisi-Ceyhan, Baki - Supsa neft kəmərlərilə Azərbaycan nefti Aralıq və Qara dənizlərinin bazarlarına çıxarılır. Bununla yanaşı Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan Avropaya təbii qaz nəql edilir. Azərbaycanın Avropa dövlətlərinə ixrac etdiyi neft və qaz bu ölkələrin enerji təhlükəsizliyinə böyük töhfə verir. Müasir dünyada enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabər tutulur. Yaxın vaxtlarda Azərbaycanda istehsal ediləcək yaşıl enerji də Avropaya ixrac ediləcək. Serbiya, Bolqarıstan və Şərqi Avropa dövlətləri beynəlxalq tədbirlərdə Azərbaycanın mövqeyini dəstəkləyirlər. Bu dövlətlər COP 29 konfransının gələn il Azərbaycanda keçirilməsinə dəstək veriblər. Bu dostluğun, tərəfdaşlığın bariz nümunəsidir.
Açılış mərasimində Bolqarıstan Prezidenti Rumen Radev çıxışında Bolqarıstan - Serbiya İnterkonnektorunun infrastruktur layihəsi olmaqla yanaşı Bolqarıstan - Serbiya - Azərbaycan arasında uğurlu və faydalı əməkdaşlığın rəmzi olduğunu bildirdi. Bolqarıstan Prezidenti Azərbaycanın Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verdiyinə görə Prezident cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi. Bir çox dünya liderləri Prezident cənab İlham Əliyevi sözü imzası qədər dəyərli olan dövlət başçısı olduğunu qeyd edirlər.
Kamilə Əliyeva
Milli Məclisin deputatı,
professor










