Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib

img

Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2024 cü il 7 fevral tarixində Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. 


Qürurverici haldır ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik, qətiyyətli siyasəti sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi  bərpa edildiyindən, müstəqillik qazandıqdan sonra Azərbaycanda ilk dəfə Prezident seçkiləri coğrafi cəhətdən ölkəmizin hər yerində keçiriləcək. Bu Prezident seçkiləri tarixdə Zəfər seçkiləri kimi qalacaq. YAP ın genişləndirilmiş iclasında partiyanın sədri cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürüldü. 


2003-cü ildə ilk dəfə Prezident seçilən İlham Əliyev xalqımıza  torpaqlarımızı işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa edəcəyi barədə vəd  verdi. Prezidentimiz verdiyi vədə əməl etdi. Artıq Azərbaycan öz  suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Azərbaycan bayrağı   Şuşada, Xankəndində, Xocalıda, eləcə də ölkəmizin bütün şəhər və kəndlərində qürurla dalğalanır. Prezident cənab İlham Əliyevin adı Azərbaycanın son 200 illik tarixinə Qalib Sərkərdə, torpaqlarını işğaldan azad edib Bütöv Azərbaycan quran dövlət başçısı kimi yazıldı. 

Cənab İlham Əliyevin xalqımızın qarşısındakı misilsiz xidmətlərindən bəhz edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Prezident cənab İlham Əliyev Azərbaycanda siyasi dialoqun əsasında milli həmrəyliyimizin təməlini yaratdı. Ölkə başçımızın daxili  və xarici siyasətinin prioritetini Azərbaycanın güclü dövlətə çevrilməsi,  Azərbaycan xalqının rifahı və həyat səviyyəsinin yaxşılaşdırılması təşkil edir.


Prezident seçildiyi 20 il ərzində cənab İlham Əliyev  xalqa verdiyi vədləri yerinə yetirib. Cənab İlham Əliyev Azərbaycan xalqının ən böyük arzusunu reallaşdırdı. Cənab İlham Əliyev 30 il düşmən tapdağında olan Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etməklə xalqımızın qürurunu, mənliyini özünə qaytardı. Dünyaya Azərbaycan xalqının cəsur, mərd xalq olduğunu sübut etdi. Torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın dünyada nüfuzunun artması gələcəkdə yeni uğurlara, hədəflərə çatmaq üçün böyük imkanlar yaratmışdır. Qazanılan bu nailiyyətləri daha da möhkəmləndirmək, qısa zamanda yeni hədəflərə çatmaq üçün növbədənkənar Prezident  seçkilərinin  keçirilməsini labüd etmişdir. Növbədənkənar Prezident seçkilərinin keçirilməsi haqqında qərar Azərbaycan xalqının öz siyasi iradəsini ifadə etmək arzusundan irəli gəlirdi. Cənab İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın dünyada siyasi və iqtisadi imkanları möhkəmlənib. Regionda həyata keçirilən bütün beynəlxalq layihələr  Azərbaycanın iştirakı ilə reallaşdırılır. 

Qloballaşan dünyada adət-ənənələrimizin qorunub saxlanılması, milli dəyərlərimizə sadiqlik, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi cənab İlham Əliyevin xalq qarşısında əvəzsiz xidmətlərinin nəticəsidir. 


Prezidentimiz Azərbaycanda yaşayan bütün millətləri bir ideya - azərbaycançılıq ideyası ətrafında birləşdirdi. Bu məmləkətdə yaşayan  dilindən, dinindən asılı olmayaraq  hər kəs azərbaycanlı olması ilə fəxr edir. Vətən Müharibəsində də bütün xalqların nümayəndələri Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızı işğaldan azad etdi. Bu gün də xalqımız öz Prezidentinin ətrafında birləşərək azad edilmiş şəhər və kəndlərimizi  yenidən qurur.


Prezidentimizin misilsiz xidmətlərini nəzərə alaraq YAP ın İdarə Heyəti növbədənkənar Prezident seçkilərində partiyanın sədri cənab lham Əliyevin namizədliyini irəli sürdü.


Kamilə Əliyeva 

Milli Məclisin deputatı, professor

Xəbəri paylaş: