
Ağdaşda xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb olunan və onun qaçaqmalçılıq yolu ilə ölkəyə göndərdiyi narkotik vasitələri, eləcə də odlu silah-sursatı respublikanın müxtəlif bölgələrinə çatdırılmasını təmin edən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətindən Rezonans.az-a verilən məlumata görə, Goranboy rayon sakini Sabir Alıyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərində daşıdığı çantaya baxış keçirilərkən 6 kiloqram 315 qram marixuana, 200 qrama yaxın heroin, “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus sandıqça və 23 patron aşkar edilərək götürülüb.
Araşdırma zamanı saxlanılan şəxsin həmin narkotik vasitə və silah-sursatı paytaxtda ona deyilən əraziyə çatdırmaq üçün sosial şəbəkədə tanış olduğu İran vətəndaşı ilə 2000 manat qarşılığında razılaşdığı məlum olub.