Sertifikasiyadan keçməyən tibb işçilərinin sayı açıqlandı

img

2023-cü ildə Azərbaycanda 20133 tibb işçisinə sertifikasiya imtahanında iştirak üçün buraxılış vərəqəsi verilib. Müraciət edənlərdən 17136 nəfəri imtahanları müvəffəqiyyətlə keçib.

Bu barədə Rezonans.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Əmək Məcəlləsinin 67-1 maddəsinin 4-cü bəndinə əsasən sertifikasiyadan qanunvericiliyə uyğun olaraq, keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir: “Sertifikasiya imtahanından keçid balını toplamamış şəxs 6 ay müddətində iş yeri saxlanılmaqla, peşə hazırlığı keçərək təkrar sertifikasiya olunmaq üçün Sertifikasiya şöbəsinə müraciət etməlidir”.

Sertifikasiyadan keçməyən tibb işçilərinin fəaliyyətinin necə tənzimlənməsinə gəlincə isə, nazirlikdən bildirilib ki, təkrar sertifikasiya imtahanından keçməyən şəxslərin fəaliyyətinə xitam verilir: “Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 4-cü bəndinə əsasən sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq tədris müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Sertifikasiya Komissiyasına müraciət etməlidirlər. Növbəti dəfə təkrarən Sertifikasiyadan  keçə bilməyən işçilərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq xitam verilməlidir”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli qərarı ilə tibb mütəxəssisləri beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya prosesi tibb işçilərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının müntəzəm yoxlanılması məqsədi ilə aparılır. Bundan başqa, Sertifikasiya Şurası tərəfindən Sertifikasiya imtahanının suallar toplusu hər il 10-20 faiz yenilənir. Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssisləri 5 ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. 

Xəbəri paylaş: