Yaşar Əliyev Azərbaycanın siyasət və diplomatiya tarixinə… - Rəşad Seyfəddin

img

Yaşar Əliyevin ölüm xəbəri hamını kövrəltdiyi kimi məni də çox kədərləndirdi. Bu böyük insanla ilk tanışlığım Çində təhsil aldığım vaxtlara təsadüf edir. O, Çində Azərbaycan diplomatik korpusunun rəhbəri kimi iki ölkə arasında əlaqlərin intensiv xarakter almasına, ölkəmizin Çində tanıdılmasına çox səy göstərirdi. Yaşar müəllim həm də Çin Xalq Respublikasında təhsil alan azərbaycanlı gənclərin vəziyyəti, qayğıları ilə mütəmadi olaraq maraqlanırdı. Məhz onun qayğıkeşliyinin və potensiallı gənclərə diqqətinin nəticəsi idi ki, mən 2007-ci ildə səfirlikdə işə başladım. O vaxtlar birbaşa səfirlik sisteminə işə keçmək çox çətin idi. Lakin Yaşar müəllimin bir təcrübəli diplomat kimi təqdimatı bütün maneləri yarıb keçməyə kifayət etmişdi. İşçi-rəhbər kimi başlayan münasibətlər sonradan səmimi dostluq münasibətlərinə çevrilmişdi.


Yaşar Əliyev Azərbaycanın siyasət və diplomatiya tarixinə adını şərəflə yazdıra bilən şəxsiyyətlərdən biridir. Qeyd etdiyim kimi, Çin-Azərbaycan münasibətlərinin bügünkü inkişaf səviyyəsinə çatmasında onun müstəsna xidmətləri olmuşdur. Hələ o vaxtlar məhz onun təşəbbüsü ilə Azərbaycanın Çin Xalq Xalq Respublikasındakı səfirliyinin nəzdində “Şuşa” mədəniyyət evi qurulmuşdu (baxmayaraq ki, o vaxtlar ÇXR XİN rəsmiləri dəfələrlə niyə məhz “Şuşa” adının seçilməsini soruşurdu, çünki Çinin rəsmi dövlət qurumları bu məsələyə çox həssaslıqla yanaşırdılar). Səfirliyin bütün tədbirləri həmin bu mədəniyyət ocağında keçirilirdi. Bu mərkəz həm də Çində yaşayan həmvətənlərimizin ümummilli dəyərlər ətrafında birləşmə, paylaşma yeri idi. Yaşar müəllimin müstəsna xidmətlərindən biri də Çində (xüsusilə paytaxt Pekinin ali məktəblərindən biri olan Pekin Xarici Dillər Universitetində) Azərbaycan dilinin tədrisinin əsasının qoyulması idi. Onun bu işdə böyük əməyi var.


Çində təhsil alarkən bu böyük insanın qayğısını, himayəsini və tələbkarlığını daima üzərində hiss etmiş çoxsaylı azərbaycanlı tələbələrdən biri kimi mən də sonralar onun həyatımda açdığı yolun, verdiyi məsləhət-öyüdlərin faydasını gördüm. Biz ondan işə məsuliyyət və tələbkarlıqla yanaşmağı, dövlətimizə, xalqımıza və Vətənimizə sədaqətlə xidmət etməyi öyrəndik. Bu böyük insanın, qəlbi Azərbaycanla döyünən ustad diplomatın fəaliyyəti bizim üçün bir örnək və məktəbdir.


Allah Yaşar müəllimə rəhmət eləsin!


Allah yaxınlarına və əzizlərinə səbir versin!



Rəşad Seyfəddin 

Xəbəri paylaş: