Bu gün doğma komandamız “Qarabağ” və Portuqaliyanın “Braqa” klubları arasında keçiriləcək oyunu izləməyə gələn futbol azarkeşlərindən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.
Rezonans.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda deyilir.
Qeyd edilib ki, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də keçirilməsi nəzərdə tutulan futbol yarışı ilə əlaqədar azarkeşlərin, eləcə də, digər hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün müvafiq tədbirlər görülüb:
"Bununla yanaşı, idman arenasına paralel və kəsişən küçələrdə hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin olunması, süni sıxlıqların yaranmaması üçün azarkeşlərdən oyunu izləməyə gələrkən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri, ərazidə metronun “Gənclik” stansiyasının yerləşdiyini, avtobus marşrutlarının geniş şəbəkəsinin mövcudluğunun nəzərə alaraq, ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur".