Siyavuş Novruzov İlham Əliyevə təbrik məktubu ünvanlayıb

img

Milli Məclisin deputatı, Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına növbədənkənar Prezident seçkilərində qələbə qazanaraq, yenidən Prezident seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Rezonans.az təbrik məktubunu olduğu kimi təqdim edir: 

Möhtərəm cənab Prezident!

Sizi Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə səmimi-qəlbdən təbrik edir, milli mənafelərə və xalqımızın zəngin mənəvi dəyərlərinə əsaslanan ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Zəfər seçkisi xalq-iqtidar birliyinin təntənəsi kimi dövlətçilik tariximizə qızıl hərflərlə əbədi həkk olunmuş və silinməz izlər buraxmışdır. Azərbaycan xalqı bir daha Sizin simanızda öz Qalib Liderinə sarsılmaz inam və sonsuz etimadını ifadə etmiş, bənzərsiz nailiyyətləri yüksək qiymətləndirərək yeni qələbələrə ürəkdən səs vermişdir. Bu, xalqımızın müdrik dövlət xadimi Heydər Əliyev irsinə dərin ehtiramının və Müzəffər Lider kimi Sizin siyasətinizə qətiyyətli dəstəyinin daha bir bariz nümunəsi və möhtəşəm ifadəsidir.

Cənab Prezident!

Bu gün Azərbaycan davamlı və dinamik iqtisadi inkişafın, sarsılmaz ictimai-siyasi sabitliyin və təhlükəsizliyin tam təmin olunduğu, öz tərəqqisi ilə mütərəqqi nümunə yaradan qabaqcıl ölkələrdəndir. Eyni zamanda, respublikamız beynəlxalq müstəvidə müasir, hüquqi və demokratik dövlət, regional və qlobal təhlükəsizliyə layiqli töhfələr verən etibarlı tərəfdaş və dünya birliyinin məsuliyyətli üzvü kimi tanınır.

Bu gün Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirir, dünya azərbaycanlılarının Sizin ətrafınızda daha sıx birləşməsini təmin edir. Zəfər seçkisi də təsdiqləmişdir ki, xalqımız onun milli qürurunu bərpa etmiş və soydaşlarımıza tarixi Zəfər sevinci yaşatmış qüdrətli Lider kimi Sizin siyasətinizə alternativ görmür. Məhz bu reallıqlar fonunda qalib və qüdrətli Azərbaycan bütün milli məqsədləri və qarşıda duran strateji hədəfləri reallaşdırmaq, yeni zirvələr fəth etmək əzmindədir.

Şübhə yoxdur ki, sözünə sadiq, sözü imzası qədər dəyərli və keçərli olan, Heydər Əliyev siyasətini müasir dövrün çağırışlarına və gerçəkliklərinə uyğun uğurla davam etdirən Liderin - Sizin əzmkar fəaliyyətinizin nəticəsində bütün dünya daha güclü Azərbaycan reallığının şahidi olacaqdır.

iftixarla qeyd edə bilərik ki, qalib və qüdrətli Azərbaycan Zəfər seçkisindən sonra yeni hədəflərə doğru inamla və qürurla irəliləməkdədir.

Möhtərəm dövlət başçısı!

Sizi bir daha Zəfər seçkisinin Qalibi olmağınız münasibətilə ürəkdən təbrik edir, Azərbaycanın parlaq gələcəyi naminə yorulmaz və fədakar fəaliyyətinizdə davamlı nailiyyətlər arzulayıram.

Dərin hörmət və ehtiramla,

Siyavuş Novruzov, Milli Məclisin deputatı, Regional Məsələlər Komitəsinin sədri

Azərbaycan Respublikası, Bakı şəhəri.

Xəbəri paylaş: