Ölkə Prezidenti İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları daim diqqətdə saxlanılaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbulu davam etdirilir.
Rezonans.az xəbər verir ki, Aprelin 9-da ədliyyə naziri Fərid Əhmədov Yardımlı rayonunda Yardımlı, Masallı, Cəlilabad və digər rayonlardan olan vətəndaşları qəbul edib.
şƏvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Nazir qəbula gələn vətəndaşların, o cümlədən şəhid ailələrinin və müharibə veteranlarının ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, digər qayğıları ilə maraqlanıb. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, digərləri isə araşdırılması üçün nəzarətə götürülərək nazirliyin qəbulda iştirak edən aidiyyəti əməkdaşlarına tapşırıqlar verilib.
Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, yerlərdə mütəmadi qəbulların təşkilinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Səfər zamanı həmçinin, nazirliyin yerli qurumlarına və məhkəməyə baş çəkilib, infrastrukturu və iş şəraiti ilə tanış olunub. Ədliyyə işçilərinə fəaliyyətin müasir çağırışlara uyğun təşkili ilə bağlı tapşırıq və tövsiyələr verilib.