“Dünya böyük, mən isə balaca idim” - Əli Musa yazır…

“Dünya böyük, mən isə balaca idim” - Əli Musa yazır…

Bəzən insan keçmişə qayıtmaq istəyir. Nə böyük bir arzu, nə də qeyri-mümkün bir xəyal üçün. Sadəcə bir neçə dəqiqəlik uşaqlıq illərinə dönmək, məktəb çantasını yenidən çiyninə almaq, köhnə məktəb dəhlizlərindən keçmək, sinif otağının qapısını açmaq və illər əvvəlki kimi öz partasında əyləşmək istəyir.

Kaş zaman bir anlıq dayana biləydi.Kaş insan böyümədən əvvəlki halına qayıda biləydi.Kaş bir səhər yenidən məktəbə gedəydim. Əlimdə kitab-dəftər, içimdə uşaq həyəcanı, gözlərimdə sabahın nə gətirəcəyini bilməyən saf bir maraq.

Və sinif otağına daxil olanda qarşıda yenə ilk müəllimimi görəydim.

Qətibə İsmayılovanı...

Mənim üçün Qətibə müəllimənin adı sadəcə bir müəllim adı deyil. Bu ad uşaqlıq illərimin bir hissəsidir. Məktəb xatirələrimin içindən keçən isti bir işıqdır. Keçmişə açılan qapıdır. İllər keçdikcə insan çox şeyi unudur. Bəzən bir hadisənin tarixini, bir günün necə keçdiyini, hansı sözü kimin dediyini xatırlamır.

Amma qəribədir...

Uşaqlıqda qarşımıza çıxan bəzi insanlar yaddaşımızda silinməz iz buraxırlar.Qətibə müəllimə də mənim yaddaşımda belə qalan insanlardan biridir.Məktəbə ilk getdiyim günlər bu gün mənə çox uzaq görünür.

O vaxt həyat başqa idi.Dünya böyük, mən isə balaca idim.Hər şey mənə maraqlı gəlirdi. Məktəbin özü, sinif otağı, lövhə, partalar, kitablar, dəftərlər, müəllimlər.

Hətta məktəb çantasının özü belə mənim üçün xüsusi bir dünya idi. Uşaq üçün məktəbə başlamaq yalnız təhsilə başlamaq deyil.Bu, ailədən kənarda ilk böyük həyat mərhələsidir. Orada ilk dəfə yeni insanlarla tanış olursan. İlk dostlarını qazanırsan. İlk məsuliyyətlərini dərk edirsən. İlk dəfə özünü böyüklər dünyasının bir parçası kimi hiss edirsən.

Və bütün bunların mərkəzində müəllim dayanır.Mənim həmin dünyamdakı ilk yol göstərənlərdən biri Qətibə müəllimə idi. O zaman onun əməyinin nə qədər böyük olduğunu təbii ki, dərk etmirdim.

Mən sadəcə şagird idim. Dərsə gəlir, müəllimə qulaq asır, tapşırıqları yerinə yetirir, bəzən səhv edir, bəzən düz cavab verir, bəzən sevinir, bəzən həyəcanlanırdım.

İndi isə geriyə baxanda anlayıram. Müəllim həmin illərdə bizim gələcəyimizin təməlini qoyurmuş.

İllər sonra insanın yaddaşında hər şey eyni qalmır.Bəzi simalar bulanıqlaşır, bəzi hadisələr unudulur. Amma müəllimin səsi, müəllimin şagirdə müraciəti, müəllimin dərs izah edərkən yaratdığı ab-hava...

Bunlar qəribə şəkildə yadda qalır. Bəzən bu gün hansısa söz eşidəndə uşaqlıqda müəllimimin dediyi bir ifadə yadıma düşür.

Bəzən məktəb haqqında danışanda Qətibə müəllimənin siması gözümün qarşısında canlanır. Onda anlayıram ki, müəllim insanın yaddaşına kitabdan daha dərin yazılır.

Kitabın səhifəsi bağlanır, dərs bitir, məktəb ili başa çatır.Amma müəllimin şagirdin qəlbində qoyduğu iz qalır. İndi düşünürəm ki, biz müəllimlərimizin qarşısında necə də balaca və saf uşaqlar imişik.

Hər şeyə inanırdıq, jər şeyə sevinirdik.Kiçik bir uğur bizim üçün böyük qələbə idi. Müəllimin bir xoş sözü bütün günümüzü dəyişə bilərdi.Dəftərə yazılan yaxşı qiymət bizi sevindirərdi. Müəllimin tərifi isə sanki dünyadakı ən böyük mükafat idi.Bəzən isə bir irad bizi düşündürərdi.

O vaxt bəlkə də müəllimin iradını başa düşmürdük.Amma sonralar insan anlayır ki, müəllimin iradı da onun qayğısının bir forması imiş. Çünki müəllim şagirdinin səhv etməsini deyil, səhvindən nəticə çıxarmasını istəyir. Bu gün geriyə baxanda Qətibə müəllimənin bizə münasibətində həmin müəllim məsuliyyətini daha aydın görürəm.

İbtidai sinifdə öyrəndiyimiz ilk hərflər sonralar sözlərə çevrildi.

Sözlər cümlələrə, cümlələr fikirlərə, fikirlər isə həyatımıza. O, vaxt bizə sadəcə oxumaq və yazmaq öyrədilirdi. Amma əslində bundan daha böyük bir şey baş verirdi.

Biz düşünməyi öyrənirdik, öz fikrimizi ifadə etməyi öyrənirdik, sual verməyi öyrənirdik, cavab axtarmağı öyrənirdik, səhv etdikdə yenidən başlamağı öyrənirdik. Bütün bunların başlanğıcında isə müəllim dayanırdı.Mənim üçün bu başlanğıcın adlarından biri Qətibə İsmayolvadır.

Məktəb illəri başa çatdı.Sinif yoldaşları müxtəlif istiqamətlərə getdilər.Hərənin öz həyatı, öz işi, öz qayğıları yarandı. Uşaqlıqda hər gün gördüyümüz insanlar sonralar illərlə görünməyə bilər.

Amma xatirələr qəribədir.

Bir mahnı, bir küçə, köhnə bir məktəb şəkli,bir məktəb zəngi, bir kitab. Bəzən bunlardan yalnız biri kifayətdir ki, insan illər əvvəlki həyatına qayıtsın.Mən də bəzən məktəb illərimi xatırlayanda sanki yenidən həmin sinif otağındayam.

Ətrafımda uşaqlıq dostlarım var.Qarşıda müəllimimiz dayanıb.Biz isə böyük bir həyatın astanasında olduğumuzu bilmədən sadəcə dərs dinləyirik. O vaxt bizə elə gəlirdi ki, həmin günlər sonsuza qədər davam edəcək. Amma heç nə əbədi deyil. Uşaqlıq da keçdi, məktəb illəri də, yalnız xatirələr qaldı.

İnsan yaşa dolduqca uşaqlıq xatirələrinin qiymətini daha yaxşı anlayır.Çünki uşaqlıq insanın ən saf dövrüdür.  Orada yalan azdır, hesab yoxdur, süni münasibətlər yoxdur , sevinc də safdır, kədər də. Məktəb də həmin saf dünyanın bir parçasıdır.Mənim məktəb illərim deyəndə gözümün qarşısında yalnız dərslər gəlmir.

Mən uşaqlıq dostlarımı xatırlayıram, birlikdə güldüyümüz günləri, tənəffüsləri, məktəb tədbirlərini, müəllimlərimizi, dəftərlərimizi, sinif otağımızı...

Və bütün bu xatirələrin içində Qətibə müəllimənin yeri xüsusi görünür.Çünki o, həmin dünyanın müəllimlərindən biri olmaqla yanaşı, mənim uşaqlıq yaddaşımın bir parçasına çevrilib.Bəlkə də insan müəlliminin əsl qiymətini məktəbdən ayrıldıqdan sonra anlayır.

Məktəbdə müəllim qarşımızda dayanırdı. Sonra yollar ayrılır.İnsan həyatın içində öz yerini axtarmağa başlayır. Bir gün geriyə dönüb baxırsan və görürsən ki, sənin bu gün olduğun insanın formalaşmasında çox adamın əməyi var.Valideynlərin, ailən, dostların, həyatında qarşılaşdığın insanlar və müəllimlərin.

Müəllimlərin rolu isə xüsusi olaraq yadda qalır.Çünki onlar sənə yalnız nə bilmək lazım olduğunu deyil, necə öyrənmək lazım olduğunu da öyrədirlər. Qətibə müəllimə mənim həyatımın məhz başlanğıc mərhələsində bu işi görüb.Bu səbəbdən onun adı mənim üçün həmişə xüsusi hörmətlə çəkiləcək.

Bəzən öz-özümə düşünürəm:


Kaş bir dəfə də həmin sinfə qayıda biləydim...

Kaş o partalardan birində yenidən əyləşəydim, kaş qarşıda müəllimimi görüb yenə uşaq kimi həyəcanlana biləydim, kaş yenidən bir dəftərin ilk səhifəsini aça biləydim, kaş məktəb zəngi yenidən çala biləydi, kaş tənəffüs vaxtı uşaqların səsi yenidən dəhlizləri dolduraydı.

Kaş zaman bir neçə dəqiqəlik bizə uşaqlığımızı qaytaraydı. Amma zaman geri qayıtmır. İnsan yalnız xatırlaya bilir.Bəlkə də xatirələrin ən böyük gözəlliyi elə bundadır.Onlar bizi heç olmasa düşüncələrimizdə keçmişə aparırlar. Bu yazı mənim üçün sadəcə bir məqalə deyil.Bu, uşaqlığıma yazdığım bir məktubdur.O məktubun içində məktəbim də var, sinif yoldaşlarım da, müəllimlərim də.

Və həmin məktubun ən hörmətli ünvanlarından biri Sizsiniz, Qətibə müəllimə.

Bəlkə də Siz illər ərzində neçə-neçə şagird yetişdirmisiniz.

Bəlkə onların hər birinin öz həyatı, öz taleyi var.

Bəlkə də həmin şagirdlərin bəziləri bu gün haradasa Sizi xatırlayır.

Mən də həmin şagirdlərdən biri kimi Sizi xatırlayıram.

Həm də xoş xatirələrlə, uşaqlıq illərinin o saf hissləri , məktəb həyatının o unudulmaz ab-havası ilə.

İllər keçsə də, insanın müəlliminə olan hörməti azalmaz.Əksinə, yaş artdıqca insan müəllim əməyinin böyüklüyünü daha yaxşı anlayar.

Bu gün Sizə demək istəyirəm:

Sizin qarşınızda oturan o balaca şagird böyüyüb. 

Amma o şagirdin içində uşaqlıqdan qalan bir yaddaş var. Həmin yaddaşda isə Siz varsınız.

Müəllimin şagirdinə verdiyi miras nədir?Bəzən bunun cavabını bir kitabda axtarırıq.Halbuki müəllimin ən böyük mirası şagirdinin yaddaşında və xarakterində qoyduğu izdir. İllər sonra şagird müəlliminin adını hörmətlə çəkirsə, deməli, müəllim öz missiyasını yerinə yetirib.

Əgər şagird "Mənim ilk müəllimim" deyərkən üzündə təbəssüm yaranırsa, deməli, həmin müəllim onun uşaqlığında gözəl iz buraxıb.Mənim üçün Qətibə İsmayılovanın adı məhz belə bir təbəssümlə bağlıdır.

Bu, illərin gətirdiyi bir minnətdarlıqdır.

Bu gün mən artıq məktəbli uşaq deyiləm.Həyatın başqa mərhələlərindəyəm.Amma insan nə qədər böyüsə də, onun içində bir uşaq yaşayır.

O uşaq bəzən keçmişini xatırlayır. Məktəbini düşünür, müəllimlərini xatırlayır.Və bir anlıq yenidən həmin günlərə qayıdır.Mən də bu yazını yazarkən həmin uşağa çevrilirəm.

Mingəçevirin məktəb illərinə qayıdıram.B. Şıxəliyev adına 6 saylı məktəbin xatirələri arasında gəzirəm.Sanki qarşıda yenə məktəb qapısı açılır.

Sanki çiynimdə yenə çantam var, sanki qarşıda ilk dərs başlayacaq. Və həmin xatirələrin içində Qətibə müəllimənin siması görünür.

O sima mənim üçün bir müəllim siması olmaqdan daha artıqdır.

O, uşaqlığımın simalarından biridir. Həyatda bəzi insanlara təşəkkür etmək üçün çox gecikmiş ola bilərik.

Amma müəllimə təşəkkür etmək üçün heç vaxt gec deyil.Çünki müəllimin verdiyi bilik bir günə, bir ilə, hətta bir ömrə sığmır.

O bilik insanla birlikdə yaşayır.

İllər keçir, şagird böyüyür, həyat dəyişir.

Amma müəllimin bir vaxtlar dediyi sözlər, öyrətdiyi dərslər, göstərdiyi münasibət yaddaşın bir yerində yaşayır. Mənim yaddaşımda da Qətibə müəllimənin özünəməxsus yeri var. Bu gün ona yalnız bir müəllim kimi deyil, uşaqlığımın bir parçası kimi baxıram.

Və ürəyimdən gələn ən səmimi sözləri demək istəyirəm:

Qətibə müəllimə, Siz mənim həyatımın ilk müəllimlərindən biri olmaqla yanaşı, uşaqlıq yaddaşımın unudulmaz simalarından birisiniz.

Sizin öyrətdiyiniz hərflər sonralar sözlərə çevrildi.

Sözlər cümlələrə, cümlələr düşüncələrə, düşüncələr isə həyatımıza.

Bəlkə də müəllim əməyinin ən böyük mənası budur:

Müəllim bir uşağın bu gününü deyil, onun sabahını yetişdirir.

Siz də bizim sabahımıza öz əməyinizdən bir parça qoymusunuz.

Buna görə Sizə təşəkkür edirəm. İllər keçsədə,  məktəb illəri uzaq bir xatirəyə çevrilsə də, uşaqlıq şəkilləri saralsada , sinif otaqlarının divarları dəyişsə də...

Bir həqiqət dəyişməyəcək:

Mənim yaddaşımda Qətibə müəllimə həmişə ilk müəllimim olaraq qalacaq.

Və bəlkə də illər sonra bir məktəb zənginin səsini yenidən eşidəndə, mən yenə bir anlıq uşaqlığıma qayıdacağam. O, zaman bütün yollarım yenidən məktəbə çıxacaq.

Məktəbin qapısından içəri girəcəyəm. Sinif otağının qapısını açacağam.Və illərin o tayından bir müəllim siması mənə baxacaq...

Qətibə İsmayılova.

Uşaqlığımın ilk müəllimi, məktəb illərimin unudulmaz xatirəsi və zamanın belə silə bilmədiyi bir ad.

Sizə olan hörmətim və minnətdarlığım illər keçdikcə daha da dərinləşir, Qətibə müəllimə.

Çünki insan böyüdükcə anlayır:

Bəzi müəllimlər dərs öyrədir, bəzi müəllimlər isə ömür boyu xatırlanacaq bir iz qoyurlar.

Siz mənim yaddaşımda iz qoyan müəllimlərdənsiniz.



Xəbəri paylaş: