Ağdam Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və böyük iqtisadi potensiala malik şəhərlərindən biridir

Ağdam Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və böyük iqtisadi potensiala malik şəhərlərindən biridir

20 Noyabr – Ağdam Şəhəri Günü işğalın sona çatmasını, tarixi ədalətin bərpasını, doğma yurda qayıdış ümidinin gerçəyə çevrilməsini və böyük quruculuq mərhələsinin başlanmasını ifadə edir. Ağdamın yenidən həyata qayıtması Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini və milli iradəsini nümayiş etdirir. Artıq təməlləri qoyulan yeni Ağdam gələcəkdə Qarabağın ən mühüm iqtisadi, sosial və mədəni mərkəzlərindən biri olacaq. Ağdamın yenidən qurulması Azərbaycanın beynəlxalq miqyasda nümayiş etdirdiyi bərpa və inkişaf modelinin də mühüm nümunəsidir. İşğal nəticəsində dağıdılmış şəhərin müasir standartlarla yenidən qurulması, iqtisadi fəaliyyətin təşviqi, sosial infrastrukturun yaradılması və əhalinin mərhələli şəkildə geri qaytarılması genişmiqyaslı dövlət proqramının tərkib hissəsidir. Bu proses Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən sonra qarşıya qoyduğu əsas məqsədlərdən birini – azad edilmiş torpaqlarda təhlükəsiz, firavan və davamlı həyatın təmin olunmasını nümayiş etdirir. 

Ağdam Azərbaycan xalqının yaddaşında həm ağır tarixi sınaqların, həm də sarsılmaz iradənin rəmzi kimi qalıb. Bu şəhər uzun illər işğalın yaratdığı dağıntıların, tarixi-mədəni irsə qarşı törədilmiş vandalizmin və doğma yurdlarından didərgin salınmış insanların ağrılı taleyinin göstəricisinə çevrilmişdi. Lakin Vətən müharibəsindən sonra Ağdamın Azərbaycana qaytarılması ilə şəhərin tarixində yeni mərhələnin əsası qoyuldu. Bu tarix yalnız ərazi bütövlüyünün bərpası baxımından deyil, həm də Ağdamın yenidən qurulması, iqtisadi və sosial həyatının canlandırılması, gələcək nəsillər üçün müasir yaşayış məkanına çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Ağdamın iqtisadi potensialının bərpası və məşğulluğun artırılması da dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu məqsədlə Prezident İlham Əliyevin müvafiq Fərmanı Ağdam Sənaye Parkı yaradılıb. 190 hektar ərazini əhatə edən sənaye parkı Qarabağda istehsal və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli resurslardan səmərəli istifadə olunması, yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Burada qida sənayesi, kənd təsərrüfatı məhsullarının emalı, tikinti materiallarının istehsalı, maşınqayırma, yüngül sənaye və digər sahələr üzrə müəssisələrin yaradılması nəzərdə tutulur. Sənaye Parkının fəaliyyəti Ağdamın iqtisadi həyatına yeni dinamika gətirməklə yanaşı, rayonun ölkə iqtisadiyyatına inteqrasiyasını da sürətləndirir. Parkda investisiya layihələri və yeni iş yerləri üzrə mühüm göstəricilər formalaşıb.

Ağdamın bərpası həm də Böyük Qayıdış prosesinin uğurla həyata keçirilməsinin mühüm göstəricisidir. Doğma yurdlarına qayıdan ailələrin məskunlaşması, onların sosial təminatının, məşğulluğunun və təhsil imkanlarının yaradılması dövlət siyasətinin əsas hədəflərindəndir. Bu prosesdə mərkəzləşdirilmiş əlaqələndirmə, infrastruktur layihələrinin ardıcıl icrası və iqtisadi fəaliyyətin stimullaşdırılması xüsusi rol oynayır. Yenidənqurma prosesi vahid plan və uzunmüddətli inkişaf məqsədləri əsasında aparılır.

 Ağdam məhz Müzəffər Ali Baş Komandanın iradəsi sayəsində hər gün simasını dəyişir, gözəlləşir. Bu mənada Ağdamın hər qarışında cənab Prezident İlham Əliyevin quruculuq imzaları görünür. Burada salınan müasir infrastruktur, yaşıl enerji zonası, ağıllı şəhər modeli, ekoloji təmiz urbanizasiya prinsipləri Azərbaycanın gələcək inkişafının miniatür obrazına çevrilib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış Ağdam şəhərinin Baş planı yalnız memarlıq sənədi deyil, həm də milli ideologiyanın ifadəsidir

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi                             

Xəbəri paylaş: