20 Noyabr – Ağdam Şəhəri Günü Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutan, milli iradəmizin, dövlətimizin qüdrətinin və Müzəffər Ordumuzun şanlı Zəfərinin təcəssümünə çevrilən əlamətdar gündür. Bu tarix təkcə bir şəhərin işğaldan azad olunmasını deyil, həm də uzun illər doğma yurd həsrəti ilə yaşayan minlərlə insanın qayıdış ümidlərinin gerçəkləşməsini, Qarabağda yeni həyatın başlanmasını ifadə edir. Ağdamın azad edilməsində iştirak etmiş hərbi qulluqçuların qəhrəmanlığının və fədakarlığının dövlət səviyyəsində qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Bu medal Vətən uğrunda mübarizənin, hərbi şücaətin və tarixi Zəfərin rəmzlərindən biri kimi gələcək nəsillərin yaddaşında yaşayacaq. Bu gün Ağdamın simasında biz həm də Zəfərimizin əbədiləşdirilməsini görürük. Şəhərdə inşa edilən Zəfər muzeyi və açıq səma altında nümayiş etdirilən dağıntı nümunələri keçmişin acı həqiqətlərini gələcək nəsillərə çatdırmaqla yanaşı, Azərbaycanın öz torpaqlarını hansı iradə və qətiyyətlə azad etdiyini nümayiş etdirir. İmarət Kompleksinin bərpası, Pənahəli xanın irsinin yaşadılması, Xurşidbanu Natəvanın abidəsinin yenidən öz tarixi məkanına qaytarılması Ağdamın milli-mədəni yaddaşının bərpasına xidmət edir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş Ağdama mütəmadi səfərləri şəhərin və rayonun gələcək inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu təsdiqləyir. 2022-ci il oktyabrın 4-də dövlət başçısının Ağdama səfəri çərçivəsində Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanışlıq, Eyvazxanbəyli, Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində, eləcə də şəhərin daxili yol və kommunikasiya şəbəkəsində, dəmir yolu və avtovağzal kompleksində, yeni yaşayış məhəlləsində və mehmanxana layihəsində təməlqoyma mərasimlərinin keçirilməsi genişmiqyaslı quruculuğun əsasını qoydu. Bu gün Ağdam şəhərində və kəndlərində yaşayış məhəllələri, təhsil və səhiyyə müəssisələri, yol-nəqliyyat infrastrukturu, mühəndis-kommunikasiya sistemləri yaradılır. Ərazilərin mərhələli məskunlaşdırılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması dövlətimizin qarşıya qoyduğu Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsinin göstəricisidir. Ağdamın gələcək inkişafında turizm infrastrukturu da mühüm yer tutur. Tarixi İmarət Kompleksi, Qarabağın mədəni irsi, muğam ənənələri, təbii və coğrafi imkanlar şəhərin turizm potensialını artırır. Müasir mehmanxanaların, ictimai məkanların, mədəniyyət və istirahət obyektlərinin yaradılması Ağdamın gələcəkdə regionun mühüm turizm mərkəzlərindən birinə çevrilməsinə zəmin yaradır. Ağdamın bugünkü mənzərəsi bir daha sübut edir ki, Azərbaycan dövləti yalnız torpaqlarını azad etməklə kifayətlənmir, həmin ərazilərdə müasir həyat qurur, tarixi irsi qoruyur, iqtisadi potensialı hərəkətə gətirir və insanları doğma yurdlarına qaytarır. 20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın yaddaşında həm Zəfər, həm də quruculuq tarixidir. Bir zamanlar dağıntıları ilə düşmənin vəhşiliyini nümayiş etdirən Ağdam bu gün Azərbaycanın yenilməz iradəsinin, milli həmrəyliyinin və gələcəyə inamının rəmzinə çevrilir.
Arifə Abbasova
YAP Tovuz rayon təşkilatının məsləhətçisi










