İsrail Müdafiə Qüvvələri (IDF) yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni ələ keçirib.
Rezonans.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Həqariyə istinadən “The Times of Israel” qəzeti yazıb.
Onun sözlərinə görə, İran İsrailə doğru 170 pilotsuz uçuş aparatı (PUA) atıb, onların heç biri İsrail sərhədlərinə çatmayıb. PUA-lar müttəfiqləri ilə birlikdə İsrail hərbçiləri tərəfindən vurulub.
Bundan əlavə, İran İsrailə 30 qanadlı raket atıb və İsrail ordusu onlardan 25-nin qarşısını ala bilib.
Həqari, həmçinin, İranın İsrailə 120 ballistik raket atdığını iddia edib. Onlardan bəziləri İsrailin raketdən müdafiə sistemini aşaraq Nevatim aviabazasına uçub.
Ordu sözçüsü bildirib ki, bazaya cüzi ziyan dəyib.
Həqari əlavə edib ki, pilotsuz təyyarələrin və raketlərin bəziləri İraq və Yəməndən İsrailə atılıb, lakin onlar yəhudi dövlətinin hava məkanını keçməyib.