Heydər Əliyev yolu Azərbaycana davamlı uğurlar qazandırır

img

Məlum olduğu kimi, 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya Sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur.

Çünki Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmışdır. Bu partiyanın yaranması bütün Azərbaycanda böyük əks-səda vermişdir. Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edilirdi və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmişdir və bu gün də bu, belədir.

       

Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanın hər bir uğuru Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin hakimiyyətinin birinci dövründə, həmçinin fəaliyyətinin Naxçıvan mərhələsində gördüyü işlər, atdığı addımlar 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra uğurlarımızın davamlılığında əhəmiyyətli rol oynadı. Dahi şəxsiyyətin xidmətlərindən bəhs edərkən göz önünə ilk olaraq xilaskarlıq missiyası gəlir. Azərbaycan müstəqilliyini itirmək və bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır vəziyyətdə xalq üzünü öz xilaskarına - Ümummilli Lider Heydər Əliyevə tutdu. Dahi şəxsiyyətin hakimiyyətə qayıdışı ölkəmizdə yeni dövrün başlanğıcı oldu. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ilk növbədə ölkədə vətəndaş müharibəsi dayandırıldı, bütün qanunsuz birləşmələr tərk-silah edildi, ölkədə sabitlik yaradıldı. Ümummilli Liderin gərgin fəaliyyəti nəticəsində pərdəarxası oyunlara, siyasi anarxiyaya son qoyuldu, ölkədə cinayətkarlığın qarşısı alındı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində alınaraq dövlət müstəqilliyimizin qorunub saxlanılması təmin edilmişdir. Azərbaycan qısa müddətdə böyük sabitlik məkanına çevrildi. Müstəqilliyimizin bərpasının ilk illərində baş verən hadisələr bu reallığın təsdiqi idi ki, "müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir". Ümummilli Lider xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə müstəqilliyimizin daimiliyini, sarsılmazlığını təmin etdi, davamlı inkişafa yol açdı. Onun gərgin səyləri nəticəsində 1994-cü il 12 may tarixində cəbhə xəttində atəşkəsə nail olundu və bununla da ölkəmizin bütün sahələrdə uğurlu inkişafı üçün geniş imkanlar yarandı. "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" tezisini irəli sürən Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bu günümüz üçün hesablanmış mühüm addımlardan idi. Dahi şəxsiyyət dünya təcrübəsinə əsasən belə bir çağırışı etdi ki, təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü il 20 sentyabrda "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin möhkəmləndirilməsində böyük rol oynadı. "Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir" söyləyən Ümummilli Lider Heydər Əliyev neft strategiyasını hazırlamaqla sözün əsl mənasında ölkənin xilas, dünyaya inteqrasiya yolunu müəyyənləşdirdi. Dahi şəxsiyyətin uzaqgörən siyasətinin göstəricilərindən biri də Dövlət Neft Fondunun yaradılması oldu.  

      

Qeyd edək ki, Azərbaycan ilk gündən demokratik, hüquqi dövlət quruculuğu yolunu tutub və bu istiqamətdə uğurlu addımları ilə diqqəti cəlb edir. Ümummilli Lider belə bir çağırışı da etmişdir ki, demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların ölkəmizdə bərqərar olması üçün zəruri addımlar atılır, insan hüquqlarının qorunması dövlət siyasətinin əsasıdır. Vətəndaş məmnunluğunun artırılması istiqamətində atılan addımlar diqqətdən kənarda qalmır. Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurları göz qabağındadır. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası ölkələr və xalqlar arasında dostluq körpüsü yaradır. "Əsrin müqaviləsi"ndən başlanan inkişaf bu gün davamlı xarakter alıb. Belə ki, bu tərəqqi özünü regional inkişaf proqramlarının uğurlu icrasında, bölgələrin simasının dəyişməsində, infrastruktur layihələrinin icrasında, Azərbaycanın tranzit imkanlarının genişlənməsində və sair kimi uğurlarımızda özünün aydın ifadəsini tapır. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyevin jurnalistlərə ilk müsahibəsində qeyd etdiyi kimi, hər şey iqtisadiyyat üzərində qurulur, Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaq. Hesab edirəm ki, iqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə bizim üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Bazar iqtisadiyyatı davam etdiriləcəkdir. Sahibkarlar sinfi yaranacaq və beləliklə, özəl sektorun fəaliyyəti nəticəsində Azərbaycanın büdcəsi də artacaqdır, iş yerləri də açılacaqdır. Yəni hesab edirəm ki, indi qlobal şəkildə bu istiqamət də Azərbaycan üçün lazımdır, - deyən liderimiz reallığı diqqətə çatdırdı ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıb. 

      

Yeri gəlmişkən, qeyd edək ki, son 20 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafını prioritet məsələ kimi qarşıya qoydu. Bununla bərabər enerji sektorunda da uğurlu addımlar atılır. 2017-ci ilin sentyabr ayının 14-də Bakı şəhərindəki Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında kontraktın imzalanması mərasimi keçirildi. Həmin sənədə əsasən neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Yeni sazişin imzalanması mərasimində "Əsrin kontraktı" Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir" söyləyən dövlət başçısı İlham Əliyev bu məqamı xüsusi qeyd etmişdir ki, bütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini öz həyatında görür: "Hesab edirəm ki, bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də "Gülüstan" sarayında o tarixi gündə ulu öndər Heydər Əliyev öz çıxışında kontraktın əhəmiyyətini qeyd etmişdir. Qeyd etmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildən sonra Ulu Öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də "Azəri-Çıraq-Günəşli" yatağı üzrə. Bu, eyni zamanda onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq". Atılan hər bir addım Heydər Əliyev siyasətinin təntənəsidir. Ümummilli Liderin gələcəyə hesablanmış siyasəti sayəsində yaradılan möhkəm təməl üzərində möhtəşəm uğurlara imza atan Azərbaycan tarixi Zəfərinin reallıqlarını yaşayır. İqtisadi inkişafımız bütün sahələrdə, xüsusilə ordu quruculuğu sahəsində mühüm addımlara stimul oldu. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşır, üzərinə düşən missiyanı şərəflə yerinə yetirir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, ötən ilin sentyabrında ordumuzun bölmələrinin həyata keçirdiyi lokal antiterror tədbirləri bunun bariz nümunəsidir. Azərbaycan Ordusu gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. 

       

Möhtərəm Prezidentimiz qeyd edib ki, biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır: "Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq". 

        

Heydər Əliyev yolu Azərbaycana davamlı uğurlar qazandırır. Suverenliyimizin tam bərpa edilməsindən və bu mühüm uğurumuzun zərurətə çevirdiyi 7 fevral növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin qələbəsindən sonra ölkəmiz yeni dövrə qədəm qoydu. Yeni dövrün yeni çağırışları, hədəfləri vardır.  Bu hədəflərin icrasına Heydər Əliyev Fondunun töhfələrini də xüsusi qeyd etməliyik. Artıq yaradılmasının 20 illiyini qeyd edən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti həm ölkə, həm də beynəlxalq miqyasda yüksək dəyərləndirilir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə tarixi və dini abidələrimizin bərpası missiyasını uğurla yerinə yetirən Heydər Əliyev Fondu bu mühüm addımı ilə çoxşaxəli fəaliyyətinin vacib istiqamətinə diqqəti yönəldir. Belə ki, tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin öyrənilməsi, təbliği, həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılması Fondun fəaliyyətinin əsas tərkib hissələrindən biridir. Fondun təşkilatçılığı ilə keçirilən bütün beynəlxalq konfranslarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlər geniş şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırılır.  

      

Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız üçün misilsiz xidmətlərinin, həmçinin adını daşıyan Heydər Əliyev Fondunun fəaliyyətinin qısa təhlili belə bir ümumiləşdirməyə əsas verir ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Ən əsası, xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. 


Bəxtiyar Həsənov, 

YAP Göygöl rayon təşkilatı üzrə 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC ərazi partiya təşkilatının sədr müavini

Xəbəri paylaş: