Ombudsman Azərbaycan Ağsaqqallar Şurasının sədrini təsisatın yubiley medalı ilə təltif edib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev arasında görüş keçirilib. Görüşdə Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavinləri, İdarə Heyətinin üzvləri, Şuranın əməkdaşları, həmçinin Ombudsman Aparatının nümayəndələri iştirak ediblər.


Rezonans.az xəbər verir ki, görüş zamanı S.Əliyeva Ombudsman təsisatı ilə Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətində oxşarlığın olduğunu, hər iki qurumun fəaliyyətinin cəmiyyətdə mövcud olan problemlərin həllinə və bununla da insan hüquqlarının müdafiəsinə yönəldiyini bildirib.


Daha sonra görüşdə əhalinin müxtəlif qruplarının sosial-hüquqi müdafiəsi sahəsində görülən işlər, qarşıda duran vəzifələr və gələcək əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb, birgə tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb.


Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Ombudsman Səbinə Əliyeva tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)  təsisatının 20 illiyi (2002-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.


Yekunda Müvəkkil Şuranın kitabxanası üçün insan hüquqlarına dair kitablar təqdim edib və xatirə şəkilləri çəkilib.

Xəbəri paylaş: