Yeni tədris ilinin başlanması münasibətilə bütün şagird və tələbələri, müəllimləri, valideynləri və təhsil ictimaiyyətinin bütün nümayəndələrini təbrik edir, hər birinizə uğurlar arzulayıram.
Təhsil insanın dünyagörüşünü formalaşdıran, bilik və bacarıqlarını inkişaf etdirən, gələcəyə baxışını müəyyən edən mühüm dəyərdir. Milli təhsilimizin inkişafı ilə yanaşı, müasir bilik və bacarıqlara yiyələnən, mənəvi dəyərlərə bağlı, hüquq və məsuliyyətini dərk edən gənc nəslin yetişdirilməsi ölkəmizin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu gələcəyin təməlində isə hər bir uşağın özünü dəyərli və təhlükəsiz hiss etdiyi, fərdiliyinə və ləyaqətinə hörmət göstərildiyi, bərabər imkanların təmin olunduğu təhsil mühiti dayanır. Heç bir uşaq fərqliliyinə, imkanlarına və ya həyat şəraitinə görə kənarda qalmamalıdır. Çünki insan hüquqlarına və qarşılıqlı hörmətə əsaslanan münasibətlər də məhz erkən yaşlardan formalaşır.
Bu dəyərlərin formalaşmasında müəllimlərin və valideynlərin rolu xüsusilə böyükdür. Müəllimlərimizə bu məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar, valideynlərə övladlarının təhsil və inkişaf yolunda səbir və dəstək arzulayıram. Şagird və tələbələrimizə isə yeni biliklər, uğurlar və qarşıya qoyduqları məqsədlərə doğru inamla addımlamağı diləyirəm.
Uşaqlarımızın və gənclərimizin fikirlərini dinləmək, onların hüquq və ləyaqətinə hörmətlə yanaşmaq, fərqlilikləri anlayışla qəbul etmək təkcə təhsil mühitinin deyil, bütövlükdə cəmiyyətimizin məsuliyyətidir. Onlara biliklə yanaşı, ədalət, mərhəmət, qarşılıqlı hörmət və həmrəylik kimi dəyərləri də ötürməliyik.
Belə bir təhsil mühiti hər bir uşağın potensialını reallaşdırmasına, bərabər imkanlardan yararlanmasına və cəmiyyətə fəal şəkildə töhfə verməsinə şərait yaradır. Bu isə insan hüquqlarına hörmət edən, qarşılıqlı etimad və anlaşma üzərində qurulan cəmiyyətin möhkəmlənməsinə xidmət edir.
Yeni tədris ilinin bütün təhsil ictimaiyyəti üçün uğurlu olmasını, şagird və tələbələrimizin bilik və bacarıqlarını inkişaf etdirərək qarşıya qoyduqları məqsədlərə nail olmalarını arzulayıram.
SƏBİNƏ ƏLİYEVA
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
Ombudsman










