Azərbaycan-Qırğızıstan əlaqələri il-ildən daha da güclənir

img

Cənab Prezident İlham Əliyev tərəfindən beynəlxalq münasibətlərin qurulması üçün müyyənləşdirilən yol xəritəsi, diplomatiya konsepsiyası bəhrələrini verməyə davam edir. Azərbaycanın istər regional, istərsə də beynəlxalq səviyyədə digər dövlətlərlə qurduğu qarşılıqlı və çoxtərəfli əməkdaşlığa əsaslanan əlaqələrinin dairəsi günü-gündən genişlənir.

Heç şübhəsiz bu mənada ən mühüm istiqamətlərdən biri də türk birliyidir. Türk dövlətləri ilə formalaşdırılan uğurlu diplomatik əlaqələr Azərbaycanı bu birliyin ən önəmli aktorlarından birinə çevirib. Digər tərəfdən bu dövlətlərin dövlət başçıları ilə mütəmadi olaraq təşkil olunan qarşılıqlı səfərlər, imzalanan sənədlər bu birliyin bünövrəsini daha da möhkəmləndirir.

Bu mənada Azərbaycanın daim isti dostluq münasibətləri qurduğu dövlətlərdən biri də Qırğız Respublikasıdır. Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. Həmin ilin avqustunda Ulu Öndər Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfər edib. 2007-ci ildə Azərbaycanın Qırğızıstanda səfirliyi, 2008-ci ildə Qırğızıstanın Bakıda səfirliyi fəaliyyətə başlayıb.

Cari ilin 24 aprel tarixində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən Dövlətlərarası Şuranın ikinci iclası zamanı imzalanan aşağıda adalarıçəkilən sənədlər iki dövlət arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək, müxtəlif sahələr üzrə birgə fəaliyyətin gücləndirilməsinə birbaşa təsir göstərəcəkdir:

  • “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı”;

  • “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi”;

  • “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Qırğız Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

  • “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

  • “Azərbaycan Respublikası Nazirlər Kabineti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında 2024-2029-cu illər üzrə Əməkdaşlıq Proqramı”;

  • “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu”;

  • “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətdə statistik məlumatların mübadiləsi sahəsində əməkdaşlıq haqqında Protokol”;

  • “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”;

  • “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qırğız Respublikasının Ədliyyə Nazirliyi arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Saziş”;

  • “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”;

  • “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”;

  • “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”;

  • “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”.

Təhsil, səhiyyə, energetika, miqrasiya və digər fəaliyyət istiqamətləri üzrə imzalanan birgə bəyannamə, saziş, proqram və anlaşma memorandumları iki ölkə arasında həmin sahələr üzrə əməkdaşlığa, təcrübə mübadiləsinə şərait yaratmaqla onların daha da inkişaf etdirilməsi üçün geniş imkanlar yaradacaqdır.

Həmçinin Türk Dövlətləri Təşkilatının da qurucu üzvlərindən biri olan Qırğız Respublikası ilə əlaqələr yalnız siyasi müstəvidə deyil. Belə ki, iki ölkə arasındakı münasibətlər qədim tarixə malikdir. Eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik olan azərbaycan və qırğız xalqlarını dil və din eyniliyi də birləşdirir.

Dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun Bakıda abidəsinin açılış mərasimində çıxış edən Cənab Prezident İlham Əliyev Çingiz Aytmatovun həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş qırğız xalqının böyük oğlu olduğunu vurğulayaraq, bildirdi: “Azərbaycan xalqı Çingiz Aytmatovu sevir. Xalq onun yaradıcılığını sevir və fəal vətəndaş mövqeyinə, milli ruhuna və köklərinə sadiqliyinə görə ləyaqətli insan kimi hörmət bəsləyir. Çingiz Aytmatov münasibətlərimizin möhkəmlənməsi işində xidmətlərinə görə Azərbaycan dövlətinin yüksək mükafatı olan “Dostluq” ordeni ilə təltif edilmişdir. Təsadüfi deyil ki, o, təkcə yazıçı kimi deyil, həm də ictimai xadim kimi keçmiş SSRİ məkanında və dünya miqyasında böyük hörmət qazanmış şəxsiyyət idi və onun xatirəsi, əlbəttə ki, qırğız xalqının, bütün qardaş xalqların qəlbində yaşayır. Çingiz Aytmatovun Bakıdakı abidəsi bizim birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək.”

Habelə Azərbaycanla Qırğız Respublikası arasındakı qarşılıqlı əməkdaşlıq bir sıra təşkilatlar; Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, SPECA və digər təşkilatlar çərçivəsində də uğurla davam etdirilir.

Azərbaycanla digər ölkələr arasında münasibətlərin qurulmasında əldə olunan bütün bu uğurlu nəticələr onu deməyə əsas verir ki, Azərbaycan Cənab Prezident İlham Əliyevin rəhbərliyində yaxın və uzaq gələcəyə indidən yatırım edərək, il-ildən xarici əlaqələr istiqamətində nailiyyətlərinin sayını artırmağa davam edəcək.


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov

Xəbəri paylaş: