Multikultural dəyərlər Azərbaycanın milli sərvətidir

img

Azərbaycanı ziyarət etmiş hər bir xarici vətəndaşdan ölkəmiz haqqında ilkin təəssüratları soruşulanda azərbaycanlıların sülhsevər, qonaqpərvər olmaları, müxtəlif mədəniyyətləri təmsil edən insanların fərqli düşüncə və davranışlarına qarşı tolerantlıq nümayiş etdirmələri, onlara qarşı hörmət və anlayışla yanaşmaları barədə fikirlər ölkəmizi xarakterizə edən başlıca yadda qalan məqamlardan biri kimi ön plana çıxır.

Əsrlər boyu Azərbaycan fərqli mədəniyyətlərin qovuşduğu ərazi olmaqla, milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. 

Azərbaycan ərazisində qədim dövrlərdə Zərdüştlüyə, tarixin sonrakı dönəmlərində isə iki mühüm dinlərdən Xristianlığa və VII əsrdən bu yana İslam dininə ibadət olunur. Multikulturalizm  və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Kitabi-Dədə Qorqud dastanından, şifahi və yazılı ədəbiyyatımızdan keçən bariz nümunələr uzaq keçmişdən bugünümüzədək multikultural ənənələrin mövcudluğunu aşkar şəkildə sübut edir.

Multikulturalizm - ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir.

“Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır.” deyə Cənab Prezident İlham Əliyev “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı qeyd edib.

Azərbaycanda müxtəlif mədəniyyətlərin, konfessiyaların, etnik qrupların nümayəndələrinin yaşaması ölkəmizdə çox maraqlı cəmiyyət tipi yaradıb. Həm Konstitusiyamızda, həm də ayı-ayrı qanunlarımızda multikulturalizm ideyaları öz təsbitini tapıb. Konstitusiyamızda qeyd olunub ki, dinindən, cinsindən, irqindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları bərabər hüquqlara malikdir. Yəni multikulturalizm Azərbaycanda təşəkkül tapmış bir fenomendir. Bu, Azərbaycanda artıq əsrlər boyu təşəkkül tapıb. Multikulturalizmin Azərbaycan modeli dünya üçün örnəkdir.

Ancaq təəssüflər olsun ki, dünyaya insan haqları, demokratik dəyərlər aşılamağa çalışan Avropada və digər qitələrdə multikulturalizm bizim düşündüyümüz kimi deyil. Orada islamofobiya, ksenofobiya və insan əleyhinə olan digər amillər var. Demək, hələ də o ölkələrdə özünü digər dinlərdən, millətlərdən üstün tutan qruplar var. Lakin multikulturalizm Azərbaycanın milli sərvətidir və biz bununla fəxr etməliyik.

Azərbaycan BMT-dən sonra ən böyük təşkilat olan 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə müxtəlif xalqlar arasında multikultural ənənələrin yayılması və ortaq  dəyərə çevrilməsi üçün öz səylərini əsirgəməmişdir.

Məhz Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi və eyni zamanda dünyada pandemiyanın hökm sürdüyü bir dövrdə peyvəndlərin narsist yanaşma nümayiş etdirən bəzi qərb dövlətlərində təmərküzləşməsinə və digər xalqların lazımi tibbi məhsullara əlçatanlığın olmamasına qarşı çıxaraq, bu xalqların səsi oldu.

Digər bir fakt isə faktlığında qalır ki, orta əsrlərdən qalma müstəmləkəçilik siyasəti insan haqlarının ən ali dəyər kimi tanındığı XXI əsrdə hələ də öz mövcudluğunu qoruyub saxlayır. Təəssüf doğuran bir məqamdır ki, özlərini insan haqları müdafiəçiləri kimi tanıtmağa çalışan Fransa kimi dövlətlər, xüsusilə Afrika qitəsində bəzi ölkələrə və xalqlarına qarşı orta əsrlərdə olduğu kimi müstəmləkəçi siyasət yürüdürlər.

Müxtəlif beynəlxalq platformalar çərçivəsində aparılan çoxtərəfli görüşlər, eləcə də çıxışları zamanı dünyadakı mövcud problemlərə diqqət çəkərək, onların həllinə nail olmaqda maraqlı tərəf kimi Azərbaycanın sülhsevər və həllyönümlü mövqeyini nümayiş etdirən Cənab Prezident bu ilin sonlarına doğru Azərbaycanda keçiriləcək COP29 çərçivəsində Azərbaycanın əsas rolunun körpülərin salınması olduğunu vurğuladı: “Bizə həmrəylik və qarşılıqlı etimad lazımdır. Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq.”

Azərbaycanın COP29 konfransına ev sahibliyi etməsi bizə dünya miqyasında böyük nüfuz və yeni əməkdaşlıq imkanları da yaradacaqdır. Dünyaqmiqyaslı bu tədbir zamanı Azərbaycan, xüsusilə yaşıl enerji mənbələrindən istifadəni genişlətmək üçün bu sahəyə alternativ maliyyə mənbələri cəlb edərək enerji istehsalında yaşıl enerjiyə keçidi daha da sürətləndirmək üçün gözəl fürsətlər əldə edəcəkdir.

Forum çərçivəsində müzakirə olunan istiqamətlərdən biri də sülh və təhlükəsizlik məsələləri oldu ki, bu mənada Azərbaycan 44 günlük Vətən müharibəsi və 24 saatdan da az bir müddət davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin tam şəkildə bərpa olunmasını təmin etməklə yanaşı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin də icrasını təmin edərək, hərbi yolla sülhə nail olmağın mümkünlüyünü dünyaya sübut etmiş oldu.

Bu gün artıq Azərbaycan və Ermənistan sülh sazişi imzalanmasına çox yaxındır və sülh sazişinə gedən yolda mühüm addımlardan biri kimi iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesi uğurla davam etdirilir. Hər iki ölkə heç şübhəsiz Cənab Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması istiqamətində qətiyyətli mövqeyi nəticəsində, bir əsrdən də çoxdur davam edən azərbaycanlılara qarşı soyqırımı və işğal siyasətinə və bütövlükdə iki ölkə arasındakı münaqişəyə son qoyularaq regionda sülhün əldə olunmasına hər zamankindən daha yaxındır.


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov

Xəbəri paylaş: