Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

img

Azərbaycan xalqı üç gün sonra Ulu Öndər Heydər Əliyevin doğum gününü qeyd edəcək. Ümummilli Lider Azərbaycanın dövlət müstəqilliyinin təməlini qoyub və ölkəmizi davamlı inkişaf yoluna çıxarıb. Mayın 10-da, həmçinin Ulu Öndərin xatirəsinə təsis edilmiş Heydər Əliyev Fondunun yaradılmasının 20 ili tamam olur. Ümummilli Lider öz həyatının mənasını xalqa xidmət etməkdə görürdü. Onun adını daşıyan Fond da bu missiyanı layiqincə yerinə yetirir.

 

Rezonans.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin mayın 7-də keçirilən iclasında deyib.

 

O bildirib ki, bu işlərin əsasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın zəngin fəaliyyəti dayanır.

 

Milli Məclisin sədri vurğulayıb ki, Ulu Öndərin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 20 ildə Azərbaycanın bütün sahələrdə gördüyü işlər diqqət cəlb edir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz döyüş meydanında Zəfər qazanaraq ərazi bütövlüyümüzü tam bərpa edib. Bununla da Ümummilli Liderin ən böyük arzusu həyata keçib.

 

“2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm-texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir”, - deyə Sahibə Qafarova vurğulayıb.

Xəbəri paylaş: