Bakıda “SG Azerbaijan 2024” tədbiri keçirilib

img

Azərkosmos, Kosmik Nəsil Məşvərət Şurası (SGAC), Gənclər Fondu (AzGF) və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda “Space Generation Azerbaijan 2024” (SG Azerbaijan) tədbiri keçirilib.

Rezonans.az xəbər verir ki, artıq ikinci dəfə təşkil olunan tədbir “Üfüqlәri aşaraq: dayanıqlı kosmos, dayanıqlı yer” mövzusuna həsr olunub.

Açılış mərasimində çıxış edən Azәrkosmosun İdarә Heyәtinin sәdri Saməddin Əsədov, AzGF-nin icraçı direktor vəzifəsini icra edən Qәdir Xәlilov və SGAC-nin direktoru Nikol Koleva dayanıqlılıq və kosmos mövzularının ahəngi, bu iki sahənin qarşılıqlı əlaqəsinin dərindən başa düşülməsinin vacibliyini qeyd ediblər.

BMT-nin Kosmik Mәsәlәlәr üzrә İdarәsinin direktoru Aarti Holla-Maini öz videomüraciətində tədbir iştirakçılarını salamlayaraq bildirib ki, gənclər gələcəyin qərar qəbul edənləridir və buna görə kosmik sahənin gələcəyi onların əllərindədir. Natiqin sözlərinə görə, bu günün siyasi qərar qəbul edənlərinin – dövlət rəhbərləri və digər nümayəndələrin üzərinə isə kosmik sahənin dayanıqlılığının təmin edilməsi ilə bağlı gənclərdən gələn təşəbbüsləri dinləmək məsuliyyəti düşür.

Dünya İqtisadi Forumunun məlumatına əsasən, hazırda müxtəlif qlobal istiləşmə göstəricilərini ölçən 160-dan çox peyk var və əsas iqlim dəyişənlərinin yarısından çoxunun yalnız kosmosdan ölçülməsi mümkündür. 

SG Azerbaijan 2024” həm yerli, həm də qlobal miqyasda kosmik təşəbbüslərin gündəlik həyatda necə töhfə verə biləcəyi haqqında məlumatlılığı artırıb, eyni zamanda iştirakçıları ekoloji cəhətdən məsuliyyətli kosmik fəaliyyətə səsləyib. 

“SG Azerbaijan 2024” 18-35 yaş qrupuna aid, dayanıqlılığa maraq göstərən tələbələr, gənc mütəxəssislər və həvəskarlar da daxil olmaqla müxtəlif şəxsləri bir araya gətirməklə əməkdaşlıq və bilik mübadiləsi platforması rolunu oynayıb. İştirakçılar interaktiv təqdimatlar, seminarlar və müzakirələr vasitəsilə innovativ ideyalarla təcrübələrini zənginləşdirmək imkanı əldə ediblər.
SGAC ilə əməkdaşlıq yalnız bu tədbirlə məhdudlaşmır. Belə ki, təşkilatın yerli təhsil müəssisələri ilə birgə fəaliyyətinin davamlı olması üçün iş aparılır. 

Xəbəri paylaş: