Bizim regionda baş verənlər Ukraynadakı kimidir, sadəcə aktyorlar bir az fərqlidir.
Rezonans.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Latviya Seyminin sədri Dayqa Mierina ilə görüşdən sonra deyib.
Onun sözlərinə görə, uzunmüddətli sülh üçün dəstəyə ehtiyac var: "Bizim qonşularımıza heç bir ərazi iddiamız yoxdur. Bizə ancaq Azərbaycan hökumətinin sülhün bərqərar olması istəyi lazımdır. Və bu məsələdə Latviyanın və digər Avropa tərəfdaşlarının köməyinə ehtiyacımız var. Biz Latviya və Aİ üzvlərinin dəyərlərini paylaşırıq, ona görə də Aİ ailəsinin tamhüquqlu üzvü olmaq üçün dəstəyə ehtiyacımız var".
"Ermənistan Aİ-yə daxil olarsa, Rusiyanın reaksiyası necə ola bilər?" sualına Simonyan belə cavab verib: "Rusiya tərəfindən bir növ qısqanclıq var. O, yaxşı şərik olmalı, müttəfiqlərini qorumalı və ortağı ilə dürüst olmalı idi, hətta o ortaq kiçik olsa belə. Cəmiyyətimiz Avropa Birliyinin bir hissəsi olmaq qərarına gəlib. Bir neçə gün öncə parlamentimizdə Ermənistanın Aİ-yə üzv olması ilə bağlı referendumun keçirilməsi məsələsi müzakirə olundu. Hesab edirəm ki, bu referendum yaxın zamanlarda keçiriləcək və əminəm ki, xalqımız buna “hə” deyəcək".