TDT Şuşa Sammiti bütövlükdə Türk dünyası tarixində böyük iz qoydu

img

Hər kəsə məlumdur ki, Şuşa şəhəri Azərbaycanın qəhrəmanlıq rəmzi, qeyrət qalasıdır. Uzun illər işğal altında qalsa da, düşmənlər tərəfindən talan edilsə də, təbii gözəlliyini, əzəmətini, milli kimliyini itirmədi. Xalqımızın isə bu şəhərə məhəbbəti ilbəil daha da artdı. Çünki Şuşa inşa olunduğu vaxtdan ona göz dikən yadellilərə qarşı qətiyyətlə döyüşərək tariximizdə qəhrəmanlıq salnaməsi yazıb, ədəbiyyatımızın, musiqimizin inkişafına əsaslı töhfələr verib, Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub.


     

Xüsusilə qeyd etmək lazımdır ki, Şuşanın azad edilməsi uğrunda aparılan döyüş, tətbiq olunan taktika, əsgər və zabitlərimizin rəşadəti qəhrəmanlıq tariximizdə yeni bir səhifə açdı və Ordumuzun gücünü, nələrə qadir olduğunu bütün dünyaya göstərdi. Hazırda isə Vətənimizin bu gözəl məkanı digər işğaldan azad edilmiş ərazilərimiz kimi bərpa edilir, dirçəlir, hətta artıq öz sakinlərini belə qoynuna alır. 

     

Yeri gəlmişkən, qeyd edək ki, Şuşa mötəbər və son dərəcə əhəmiyyətli tədbirə - Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə evsahibliyi ilə dünya gündəmini zəbt etdi. Bu, onu göstərir ki, Şuşa həm də Türk dünyasının mərkəzi rolunda çıxış edir, müzakirələrin aparıldığı, vacib qərarların verildiyi məkana çevrilir. Ölkəmizə gələn dost və qardaş ölkələrin rəhbərlərinin Şərqi Zəngəzura və Qarabağa səfərləri baş tutub, amma Şuşa sammiti işğaldan azad edilmiş ərazilərimizdə reallaşan ən böyük beynəlxalq səviyyəli tədbir kimi tarixə düşdü. Bu Zirvə görüşü eləcə də beynəlxalq ictimaiyyətə Azərbaycanın qısa müddətdə Şuşanı təhlükəsiz bir məkana çevirdiyini göstərir. Həmçinin Türk dövlətləri liderlərinin mədəniyyət paytaxtımızda bir araya gəlməsi işğal dövründə apardığımız diplomatik mübarizədə, 44 günlük Vətən müharibəsində bizə göstərdikləri mənəvi-siyasi dəstəyin davamı və bugünkü Qələbə sevincimizi bölüşmələrinin təzahürüdür. Qardaş ölkələri birləşdirən TDT artıq dünyada real güc mərkəzinə çevrilib, beynəlxalq siyasi proseslərə təsir imkanları isə günbəgün yüksəlir.

       

Xüsusilə qeyd etməliyik  ki, bu prosesdə dövlətimizin başçısı cənab İlham Əliyevin xidmətləri danılmazdır. Onun milli maraqlara söykənən, müasir dövrün reallıqları və çağırışlarına cavab verən çoxşaxəli siyasətində türk dövlətləri ilə ortaq mənəvi dəyərlərə və müştərək strateji maraqlara əsaslanan münasibətlərin inkişafı prioritet təşkil edir, xüsusilə türk dünyasında əməkdaşlığın dərinləşməsinə, TDT-nin güclənməsinə böyük önəm verir. Xatırlatmaq yerinə düşər ki, 2009-cu il oktyabrın 3-də imzalanan Naxçıvan Sazişi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasında İlham Əliyev cənablarının ideya və təşəbbüsü mühüm rol oynayıb. Eyni zamanda Prezidentimiz türkdilli dövlətlərin bir-birinə yaxınlaşmasına, təşkilatın fəaliyyətinin genişlənməsinə, nüfuzunun və sıralarının artmasına mühüm töhfələr verib. Bu, dövlətimizin başçısının diplomatik bacarığını və təcrübəsini, böyük təşkilatçılıq qabiliyyətini göstərir. Bundan başqa, Ali Baş Komandan cənab İlham Əliyev işğal altında olan ərazilərimizi azad etməklə türk birliyinə mühüm töhfə verdi və türkün gücünü bütün dünyaya nümayiş etdirdi. Təşkilatın 2021-ci ildə İstanbulda keçirilən VIII Zirvə Görüşündə Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi dövlətimizin başçısının bu istiqamətdə fəaliyyətinə verilən ən ali qiymətdir. Həmçinin, Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev məntiqli və dərin məzmunlu nitqində TDT-nin əhəmiyyətini vurğulayaraq onun əhatə etdiyi coğrafiyanın miqyasını, üzv ölkələrin iqtisadi və hərbi potensialını, təbii resurslarını və müasir infrastrukturunu qeyd etdi. Bu, bir daha təsdiqləyir ki, bütün sahələr üzrə böyük potensiala sahib olan Türk dövlətləri birlikdə, həmrəylik göstərərək və vahid mövqedən çıxış edərək dünya siyasətinin mühüm tərəflərindən birinə çevrilir. 

       

Onu da qeyd etmək lazımdır ki, iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi imzalanmışdır. Ən əsası Bəyannamə mühüm strateji əhəmiyyət daşımaqla üzv dövlətlər arasında tərəfdaşlığı möhkəmləndirəcək, daha iddialı məqsədlərə çatmaq üçün birgə səylərin artırılmasına və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsinə gətirib çıxaracaq.


Semur Əsgərov,

YAP Göygöl rayon təşkilatı Aparatının məsləhətçisi

Xəbəri paylaş: