Qarabağ Bəyannaməsi Türk dünyasının həmrəyliyini daha da gücləndirəcək

img

Məlumdur ki, ölkəmiz üçün əhəmiyyəti və vacibliyi ilə fərqlənən beynəlxalq platformalardan biri də məhz Türk Dövlətləri Təşkilatıdır ki, Azərbaycan bu vaxta qədər təşkilatın yaranması və fəaliyyətində hərtərəfli dəstək nümayiş etdirib.Yeniləşən dünyamızda sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk dövlətlərinin tarixi nailiyyətlərini müasir çağırışlarla uzlaşdıraraq xalqların daha yaxşı yaşamalarını təmin etmək, habelə yaranmış geosiyasi vəziyyətdə türk dövlətlərinin daha dayanıqlı birliyini möhkəmləndirmək Azərbaycanın milli maraqlarını əks etdirir.Bu gün artıq türk dövlətləri demək olar ki, bütün sahələrdə dayanıqlı inkişafı xarakterizə edən əhəmiyyətli sənədlərini hazırlamaqdadırlar. Xüsusilə, 2021-ci ildə qəbul edilən “Türk Dünyasına Baxış-2040” sənədi qloballaşan dünyamızda baş verən dəyişikliklərə uyğunlaşmaq üçün əsas yol xəritəsini təşkil edir. Burada prioritet istiqamətlərdən biri də türk dövlətlərinin həm regional, həm də qlobal iqtisadiyyata təsirlərinin dayanıqlılığının təmin olunması, eyni zamanda onların vəhdətinin yaradılmasını diktə edir.Bu baxımdan, cari ilin 6 iyul tarixində Azərbaycan Respublikasının təşəbbüsü ilə Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi, görüşün yekununa dair Bəyannamənin imzalanması türk dünyasının ürəyinin Qarabağla döyündüyünü nümayiş etdirdi. Prezident İlham Əliyevin həmin Zirvə görüşündəki çıxışı Azərbaycan xalqının növbəti nailiyyəti olmaqla, istəyimizi və gələcəyə baxışımızı bir daha özündə ehtiva etdi.Zirvə görüşünün Qarabağın tacı, Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri hesab olunan Şuşa şəhərində keçirilməsi əlbəttə ki, təsadüfi deyildi. Belə ki, tolerant və multikuıtiral Azərbaycanın rəmzinə çevrilən Şuşa 2021-ci ildə “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunmuşdur. 2022-ci ildə Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar həmin il Azərbaycanda “Şuşa İli” elan edilmişdir. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Eyni zamanda Azərbaycan və bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz əyilməz ruhumuzun rəmzi olan Şuşa şəhərində imzalanmışdı.

Prezident İlham Əliyevin türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənə və dəyərlərə söykənən ailə olduğuna yönəlmiş dolğun və məzmunlu çıxışı regional təhlükəsizlik, sabitliyin əldə olunmasında türk dövlətlərinin əhəmiyyətini bir daha ortaya qoydu. Dövlət başçısının “XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır” sözləri, Onun uzaqgörən və hədəfli yanaşması qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın türkdilli dövlətlərin daha da möhkəmlənməsi, təşkilatlanması, eləcə də qarşılarına qoyduğu bütün hədəflərə nail olunmasında ən əsas yol olduğunu göstərməsindən ibarət idi.Prezident İlham Əliyev çıxışı zamanı türk dövlətləri ilə Azərbaycanın dostluq və qardaşlıq münasibətlərinin, eləcə də əməkdaşlığının müsbət dinamika ilə inkişaf etdiyini diqqətə çatdırdı, eləcə də artan əmtəə dövriyyəsinin həcminə xüsusi toxunaraq, görülən işlərin bütün ölkələrin qarşılıqlı maraqlarına uyğun olduğunu bildirdi.

Cari ildə isə Azərbaycan özünün, o cümlədən türk dünyasının növbəti uğuruna imza atacaq, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi edəcəkdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək.”Bu istiqamətdə sözsüz ki, həm türk dünyası çərçivəsində, həm də qlobal miqyasda beynəlxalq həmrəyliyin gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Bu baxımdan, beş dövlət başçısı tərəfindən imzalanan, özündə 31 bəndi əks etdirən “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” türk dünyasının həmrəyliyini daha da möhkəmləndirməklə yanaşı, türk dövlətlərinin COP29-un işində yüksək səviyyədə iştirak edərək, qlobal çağırışların müzakirələrində türk baxışını ortaya qoymaları üçün imkan yaradacaqdır.

Emil Məmmədov,

YAP Göygöl rayon təşkilatı Aparatının məsləhətçisi

Xəbəri paylaş: