Birlik, bərabərlik həmrəylik

img

Keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir iştirakçı ölkələrin malik olduqları potensialın təqdimatında əhəmiyyətli rol oynayır. 


Bu baxımdan iyulun 4-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü əhatə etdiyi mövzu, bu istiqamətdə aparılan müzakirələrlə diqqətdə oldu. Dövlət başçısı İlham Əliyevin  ikinci dəfə bu Zirvə görüşündə iştirakı Azərbaycana, Prezidentinə olan inamı, etimadı nümayiş etdirdi. Prezident İlham Əliyev  Zirvə görüşündə Azərbaycanın Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilməsi imkanlarından, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında rolundan geniş bəhs edərək diqqəti bu ilin noyabrında  Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu qlobal konfransına hazırlıq işlərinə yönəldi və  əsas məqsədi açıqladı: “Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a evsahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq.” Prezident İlham Əliyev qeyd etdi  ki, Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. “Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik” söyləyən dövlət başçısı İlham Əliyev artıq ŞƏT-ə üzv olan dövlətlərin liderlərinə rəsmi dəvət məktublarını ünvanladığını bildirdi. Ümumiyyətlə, ŞƏT ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, mövqeyinin çatdırılması baxımından vacib platformadır. Prezident İlham Əliyevin Zirvə görüşlərində iştirakı və etdiyi çıxışlar ölkəmizlə bağlı ən mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasını təmin edir. Qeyd etdiyimiz kimi, Astana Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevin ikitərəfli və üçtərəfli əsasda çox mühüm görüşləri oldu və bu görüşlər çərçivəsində kifayət qədər önəmli mesajlar verildi. Azərbaycanın sülh gündəliyinin ədalətliliyi və dəstəklənməsi ilə bağlı Türkiyə, Çin, Pakistan, Rusiya kimi mühüm aktorların mövqeyi bir daha açıq şəkildə ifadə edildi. Bütün bu məqamlar Azərbaycana və onun Prezidentinə  hörmətin və etimadın ifadəsi idi. Türk dünyasının birliyinin daha da gücləndirilməsi hazırkı dövrün əsas çağırışları sırasındadır.  Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında iqtisadi əməkdaşlığı artırmaq üçün müxtəlif təşəbbüslər irəli sürülür. Ticarət həcminin artırılması, investisiya imkanlarının qiymətləndirilməsi və birgə layihələrin həyata keçirilməsi kimi məsələlər üzərində iş aparılır. Bu məqsədlə mütəmadi şəkildə biznes-forumlar, iqtisadiyönümlü tədbirlər təşkil edilir, Türk Dövlətləri Təşkilatında birləşən  ölkələr arasında qarşılıqlı anlaşmalar, sazişlər imzalanaraq icraya yönəlir. Türk dövlətləri arasında enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq iqtisadi inkişafı dəstəkləyən mühüm addımlardır. Türkdilli ölkələr qeyd edilən sahələrdə də çox böyük potensiala malikdir. Dövlət başçısı İlham Əliyev çıxışlarında Azərbaycanın iqtisadi imkanlarından geniş bəhs edir, əlaqələrin inkişafına veriləcək töhfələrdən bəhs edir. Cənab İlham Əliyevin Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündəki çıxışı da bu baxımdan diqqətdə oldu. Prezident İlham Əliyev bildirdi ki, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir. Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Bu ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi iqtisadi əlaqələrimizin daha da dərinləşməsinə xidmət edən növbəti uğurlu addımdır.  Fond vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaq. Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir. Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən biridir. Şuşa Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar Türk Dövlətləri Təşkilatının  gələcək inkişafının yol xəritəsi kimi dəyərləndirilir.  Belə ki, dövlət başçısı İlham Əliyev çıxışında qeyd etdi ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu bizim birlikdə nəzərdə tutduğumuz hədəflərin reallaşdırılması üçün yetərli deyil. Buna görə, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon dollar məbləğində vəsait köçürmüşdür. Çıxışlarda bir daha bu çağırış səsləndirildi ki, ən böyük gücümüz türk dünyasının birliyi, bərabərliyi və həmrəyliyidir. Azərbaycanın mövqeyi belədir ki, Türk Dövlətləri Təşkilatının rolu təkcə günün tələblərinə cavab verməklə məhdudlaşmamalı, həm də gələcək potensial əməkdaşlıq və tərəfdaşlıqları əhatə edəcək şəkildə genişləndirilməlidir. Üzv ölkələr arasında həmrəyliyin və qarşılıqlı etimadın daha da gücləndirilməsi türk dünyasının birlik və bərabərlik içində daha parlaq gələcəyə doğru irəliləməsinə şərait yaradacaq.


Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Xəbəri paylaş: