Türkiyənin xarici işlər naziri Hakan Fidan Misir Ərəb Respublikasında rəsmi səfərdədir.
Rezonans.az xəbər verir ki, səfər çərçivəsində Hakan Fidan Türkiyədən Qəzzaya göndərilən humanitar yardımla bağlı Misir limanı və Rəfah sərhəd-keçid məntəqəsini ziyarət edib.
Burada mətbuat nümayəndələrinə açıqlama verən türkiyəli nazir bölgədəki gərginliyin təcili olaraq aradan qaldırılması və Qəzza zolağına humanitar yardımların kəsintisiz çatdırılmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, Misirin xarici işlər, miqrasiya və xaricdəki misirlilər naziri Bedr Abdulatinin dəvəti ilə baş tutacaq səfər zamanı ikitərəfli siyasi, iqtisadi, mədəni əlaqələr və bölgədə baş verən son hadisələr müzakirə olunacaq. Nazirlər, həmçinin Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Türkiyəyə planlaşdırılan səfəri zamanı keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk toplantısına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparacaq, iclasda imzalanması gözlənilən 20-yə yaxın sazişlə bağlı mövcud vəziyyəti dəyərləndirəcəklər.
Görüş zamanı enerji, səhiyyə, turizm və müdafiə sənayesi sahələrində uzunmüddətli əməkdaşlıq imkanları, eləcə də iki ölkə arasında 10 milyard dollara yaxınlaşan ticarət həcminin 15 milyard dollara çatdırılması hədəfinin müzakirəsi də gözlənilir.