İlham Əliyev böyük və misilsiz xidmətlər göstərir

img

Prezident cənab İlham Əliyevin Azərbaycanın üzv olmadığı bir çox beynəlxalq təşkilatların tədbirlərinə dəvət olunması beynəlxalq aləmdə Prezidentimizə olan böyük hörmət və ehtiramın nümunəsidir. Artıq Azərbaycan istər regionda, istərsə də dünyada nüfuzlu platformalarda ən önəmli dövlət kimi çıxış edir.


Son illər Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq çox yüksək səviyyəyə yüksəlmişdir. Prezident cənab İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının görüşünə fəxri qonaq qismində dəvət olunması region dövlətlərinin Azərbaycan dövlətinə və şəxsən ölkə başçımıza olan böyük rəğbət və hörmətin nümunəsidir, eləcə də ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin inkişaf etməsindən xəbər verir. Tədbirdə çıxış edən Prezident cənab İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya xalqlarını çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərləri, dövlətlərimiz və xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin bu gün daha da dərinləşdiyi, eləcə də Mərkəzi Asiya dövlətləri ilə Avropa arasında iqtisadi əlaqələrin genişləndirilməsində Azərbaycanda həyata keçirilən geniş və şaxələndirilmiş nəqliyyat-loqistika layihələrinin mühüm rol oynaması barədə məlumat verdi. 

Son iki ildə Prezident cənab İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə 16,  həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan dövlət başçılarının Azərbaycana ümumilikdə 15 rəsmi səfərlər etməsi ölkələrimiz arasında əlaqələrin hər il daha da genişlənməsindən xəbər verir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusunun igid və qəhrəman əsgər və zabitləri 30 il Ermənistan işğalında qalan torpaqlarımızı azad etdi. Vətən müharibəsindəki Zəfərimizdən sonra bütün xalqımız hər zaman olduğu kimi bir daha Prezidentimizin ətrafında birləşərək işğaldan azad edilmiş torpaqlarımızda sürətli şəkildə yenidənqurma və bərpa işlərinə başladı. Bu işdə də Özbəkistan, Qazaxıstan və Qırğızıstan Azərbaycana öz qardaşlıq hədiyyəsini etdilər. Hər üç dövlət Qarabağ və Şərqi Zəngəzurda öz hesablarına iki orta məktəb və Uşaq Yaradıcılıq Mərkəzi tikdilər. 


Bu gün dünyada hökm sürən gərgin geosiyasi vəziyyət ölkələrin milli təhlükəsizliyinə böyük diqqət ayırmağı tələb edir. Prezident cənab İlham Əliyev  Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın vacib olmasını hər zaman ön plana çəkir. Bu baxımdan Mərkəzi Asiya dövlətlərindən olan müdavimlərin Azərbaycanda hərbi təhsil almaları böyük göstəricidir.

Siyasi sahədə olduğu kimi iqtisadi sahədə də ölkələrimiz arasında böyük əlaqələr qurulub. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır. Bütün beynəlxalq təşkilatlarda Azərbaycanla Mərkəzi Asiya dövlətləri hər zaman bir birini dəstəkləyir. 


Bu gün Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında bütün sahələrdə əməkdaşlıq ən yüksək dostluq və qardaşlıq səviyyəsində inkişaf etdirilir. Bu əlaqələrin inkişafında Prezident cənab İlham Əliyev böyük və misilsiz xidmətlər göstərir.


Kamilə Əliyeva 

VI çağırış Milli Məclisin deputatı, professor

Xəbəri paylaş: