Səbinə Əliyeva Naxçıvanda səfərdədir

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda hüquqi maarifləndirici tədbirlər davam etdirilir. Bu istiqamətdə növbəti dəyirmi masa Naxçıvanda təşkil edilib.


Rezonans.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Ombudsman Səbinə Əliyeva 2024-cü il 1 sentyabr tarixdə Milli Məclisə növbədənkənar seçkiləri ilə bağlı təşkil edilmiş maarifləndirmə tədbirlərindən danışıb, MSK ilə birgə paytaxtda və regionlarda birgə maarifləndirmə tədbirlərinin təşkil olunduğunu qeyd edib.


Müvəkkil ölkə Prezidenti İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”, Fəaliyyət Proqramının 3.10-cu bəndinin tələbləri barədə məlumat verib, respublikamızda vətəndaşların aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmini istiqamətində həyata keçirilən tədbirlərin, müşahidəçilik institutunun əhəmiyyətini qeyd edib.


S.Əliyeva ötən illərdəki müsbət təcrübəyə uyğun olaraq, Müvəkkilin və təsisatın əməkdaşlarının özlərinin təşəbbüsü ilə növbədənkənar parlament seçkilərində müşahidə aparacaqlarını bildirib.


Mərkəzi Seçki Komissiyasının üzvü Nizami Nadirxanlı Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb, MSK və Ombudsman Aparatı tərəfindən birgə təşkil olunan tədbirlərin əhəmiyyətindən danışıb, habelə görülmüş işlər, eləcə də təşkil edilməsi nəzərdə tutulan tədbirlər barədə də geniş məlumat verib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva təsisat tərəfindən muxtar respublikada vətəndaşların seçki hüququnun müdafiəsi və təmini ilə bağlı vəziyyətin öyrənilməsi istiqamətində görülən işlər, eləcə də müvafiq dövlət qurumları ilə birgə təşkil olunan maarifləndirmə tədbirləri barədə məlumat verib.

Tədbirdə məruzələr dinlənilib, seçicilərin öz konstitusion hüquqlarını sərbəst şəkildə həyata keçirməsi üçün yaradılan imkanlardan danışılıb.


Yekunda mövzu üzrə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Qeyd edək ki, Ombudsman Aparatı ilə Mərkəzi Seçki Komissiyasının növbədənkənar parlament seçkiləri ilə əlaqədar ilk birgə maarifləndirmə tədbiri Ombudsman Səbinə Əliyevanın, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun və dairə seçki komissiyalarının nümayəndələrinin iştirakı ilə Bakıda keçirilib, daha sonra isə bu qəbildən olan tədbirlər birgə əməkdaşlıqda regionlarda davam etdirilib.

Xəbəri paylaş: