Azərbaycan Prezidenti İlham Əliyev konqolu həmkarı Deni Sassu Nqessoya təbrik məktubu ünvanlayıb.
Rezonans.az xəbər verir ki, məktubda qeyd edilib:
"Hörmətli cənab Prezident,
Konqo Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Bu gün Azərbaycan-Konqo münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. Aprel ayında Azərbaycana səfəriniz ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinə yeni təkan vermişdir. Eyni zamanda bu yaxınlarda COP29-un müəyyən edilmiş Prezidentinin Konqoya səfəri iqlim dəyişmələri ilə mübarizə sahəsində ölkələrimizin tərəfdaşlığının bariz nümunəsidir.
İnanıram ki, Azərbaycan ilə Konqo arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, çoxtərəfli müstəvilərdə, o cümlədən Bakıda təşkil ediləcək COP29 çərçivəsində səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Konqo xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".