21 avqust 2024-cü il tarixində Şərur rayonunun Yuxarı Daşarx kəndində şəhid Fərəcov Asəf Təvəkkül oğlunun və şəhid Əsədov Şövdü Məhəmməd oğlunun evlərində keçirilən görüşlərdə şəhidlərimizin xatirəsi anılıb, onların müharibədəki igidlik və şücaətlərindən danışılıb.
Rezonans.az xəbər verir ki, görüşlərdə YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov bu gün Birinci Qarabağ müharibəsi şəhidlərinin ruhunun şad olduğunu deyib. Bildirib ki, çünki uğrunda şəhid olduqları, azad görmək istədikləri Qarabağ Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən işğaldan azad olunub. Vətən uğrunda rəşadətlə vuruşaraq şəhid olan və döyüşlərdən qəhrəman kimi ayrılan, cəsur, igid, qorxmaz Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaqdır.
Şəhidlərimizin ailələri şəhidlərə, qazilərə, şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.
Görüşün sonunda Siyavuş Novruzov qeyd edib ki, Vətən yolunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq və onların qanlarıyla azad etdikləri torpaqlarımızı və qələbəmizi göz bəbəyi kimi qoruyacağıq. Şəhidlərimizlə qürur duyduğunu bildirən YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov onlara Allahdan rəhmət, ailələrinə səbr diləyib.