Türk Dövlətləri Təşkilatının qarşısında geniş imkanlarla yanaşı, ciddi məsuliyyət də dayanır

Türk Dövlətləri Təşkilatının qarşısında geniş imkanlarla yanaşı, ciddi məsuliyyət də dayanır

Bakıda TDT-nin təhlükəsizlik şuraları katiblərinin Beşinci Toplantısının keçirilməsi təşkilat daxilində əməkdaşlığın artıq siyasi, iqtisadi və mədəni sahələrlə məhdudlaşmadığını, təhlükəsizlik məsələlərinin də getdikcə daha sistemli və institusional müstəvidə müzakirə olunduğunu göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müxtəlif formatlarda keçirilən görüşlər beynəlxalq gündəlik, təhlükəsizlik, multikulturalizm, ticarət, nəqliyyat və humanitar əməkdaşlıq kimi geniş spektrli məsələləri əhatə edir. Türk dövlətləri Avropa ilə Asiyanı birləşdirən mühüm coğrafi məkanda yerləşir. Bu ərazidən keçən enerji və nəqliyyat dəhlizləri yalnız üzv ölkələrin deyil, daha geniş regionların iqtisadi və strateji maraqları baxımından da mühüm əhəmiyyət daşıyır. Bu reallıq Türk Dövlətləri Təşkilatının qarşısında yeni imkanlar açır və onun beynəlxalq bağlantılar, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumi regional təhlükəsizlik məsələlərində rolunun daha da artırılmasını zəruri edir. Türk dünyasının gələcəyi baxımından sabitlik və təhlükəsizlik xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev çıxışında TDT məkanında sabitliyin, sülhün və təhlükəsizliyin mövcudluğunu inkişafın mühüm amili kimi qiymətləndirir. Çünki sabitlik olmadan iqtisadi inkişaf, investisiya, texnologiya və innovasiyaların cəlb edilməsi mümkün deyil. Bu yanaşma təhlükəsizlik məsələsinə yalnız hərbi müstəvidə deyil, sosial-iqtisadi inkişafın və dövlətlərin dayanıqlığının əsas şərti kimi baxılmasını tələb edir. Azərbaycanın TDT daxilində fəallığı təşkilatın institusional inkişafında da özünü göstərir. Dövlət başçılarının müntəzəm Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüs edilməsi dövlət başçıları arasında daha intensiv siyasi dialoqun formalaşdırılmasına xidmət edir. Şuşada keçirilmiş ilk qeyri-rəsmi Zirvə görüşündən sonra bu formatın davam etdirilməsi ümumi maraqların və birgə fəaliyyət istiqamətlərinin daha operativ şəkildə müzakirə olunmasına imkan yaradır. TDT-nin potensialı yalnız üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi ilə məhdudlaşmamalı, təşkilatın beynəlxalq təhlükəsizlik, ticarət, enerji və nəqliyyat məsələlərində vahid mövqeyinin daha aydın ifadə olunmasına da imkan yaratmalıdır. Prezidentin çıxışında təşkilatın aparıcı beynəlxalq institutlardan birinə çevrilməsi məqsədi məhz bu strateji baxışın ifadəsidir. Prezidentin çıxışının bütövlükdə əsas məntiqi ondan ibarətdir ki, Türk Dövlətləri Təşkilatının qarşısında geniş imkanlarla yanaşı, ciddi məsuliyyət də dayanır. Türk dövlətlərinin iqtisadi potensialı, enerji resursları, əlverişli coğrafi mövqeyi, nəqliyyat imkanları, gənc əhalisi, ortaq tarixi və mədəni dəyərləri təşkilatın gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Lakin bu potensialın real nəticəyə çevrilməsi qarşılıqlı etimadın, koordinasiyanın və birgə fəaliyyətin daha da gücləndirilməsini tələb edir. Təhlükəsizlik sahəsində məlumat və təcrübə mübadiləsinin genişləndirilməsi, enerji və nəqliyyat layihələrinin inkişaf etdirilməsi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, gənclər arasında əlaqələrin gücləndirilməsi, ortaq mədəni irsin qorunması və beynəlxalq hüququn üstünlüyünün müdafiəsi TDT-nin qarşısında duran əsas istiqamətlər kimi diqqəti çəkir. Azərbaycanın bu prosesdə fəal mövqeyi ölkəmizin həm regional, həm də daha geniş beynəlxalq əməkdaşlıq sistemində artan rolunu nümayiş etdirir. Bakı artıq yalnız müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkan deyil, həm də mühüm siyasi, iqtisadi, humanitar və təhlükəsizlik təşəbbüslərinin müzakirə olunduğu platformaya çevrilməkdədir. TDT təhlükəsizlik şuraları katiblərinin Beşinci Toplantısının Bakıda keçirilməsi də bu baxımdan əhəmiyyətli hadisədir. Rəsmi məlumatda da vurğulandığı kimi, təhlükəsizlik şuraları arasında əməkdaşlığın inkişafı Türk dünyasında inteqrasiya prosesinin siyasi, iqtisadi və mədəni sahələrlə yanaşı, strateji təhlükəsizlik istiqamətində də dərinləşdiyini göstərir. 

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: