Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik şuralarının rəhbər şəxslərinin Bakıda keçirilən görüşü və Prezident İlham Əliyevin tədbir iştirakçılarını qəbul edərkən səsləndirdiyi fikirlər Türk dünyasında inteqrasiya proseslərinin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilir. Sentyabrın 17-də keçirilən görüşdə TDT-nin təhlükəsizlik gündəliyinin aktual məsələləri ilə yanaşı, təşkilatın beynəlxalq mövqeyi və üzv dövlətlər arasında qarşılıqlı fəaliyyətin perspektivləri də diqqət mərkəzində olub. Prezident İlham Əliyevin çıxışında səslənən “Birlikdə güclüyük” fikri isə görüşün siyasi mahiyyətini ifadə edən əsas tezislərdən biri kimi diqqəti çəkir. Burada söhbət yalnız təhlükəsizlik sahəsində koordinasiyadan getmir. Bu yanaşma Türk dövlətlərinin ümumi maraqlar ətrafında daha sıx əməkdaşlıq etməsinin, mövcud imkanlarını birləşdirməsinin və beynəlxalq proseslərdə qarşılıqlı fəaliyyətini gücləndirməsinin vacibliyinə işarə edir. Bakı görüşü yalnız təhlükəsizlik məsələlərinin müzakirə edildiyi növbəti toplantı deyil. O, Türk Dövlətləri Təşkilatının institusional inkişafının, üzv dövlətlər arasında koordinasiyanın genişlənməsinin və ümumi təhlükəsizlik gündəliyinin formalaşmasının mühüm göstəricilərindən biri kimi diqqət çəkir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Türk dövlətlərinin müxtəlif istiqamətlərdə birlikdə hərəkət etməsi onların təhlükəsizliyinə, sabitliyinə və gələcək inkişafına xidmət edən əsas amillərdən biri kimi çıxış edir. Türk dövlətlərinin xarici siyasəti sülhə əsaslanır, Türk Dövlətləri Təşkilatının fəaliyyəti də sülhə əsaslanır. Sülh bu dövlətlər üçün də, bu təşkilat üçün də prioritetdir. Dünya miqyasında ən səmimi qarşılıqlı ehtirama əsaslanan əlaqə məhz bu dövlətlər arasındadır. Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edəndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında təəssüflə islam dininə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə getdiyini, islamofobiyanın onun kiçik bir tərkib hissəsi olduğunu da bildirmişdi. Dövlət başçımız çıxışında dinimizə yönəldilən və yaxud yönəldiləcək təhdidlərə qarşı birgə işin, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini, ölkələrimiz və xalqlarımız arasında daha sıx əlaqələrin qurulmasını, Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı rolunun gücləndirilməsini tövsiyə etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşü də, görüşdə çıxışı da Azərbaycanın da daxil olduğu Türk Dövlətləri Təşkilatının daha da möhkəmlənəcəyinə, dünyəvi mahiyyətinin daha da yüksələcəyinə inam kimi tarixlşdi.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi










