“Nisbətən məhdud tərkibdə iki ölkənin işgüzar dairələrinin əsas nümayəndələrinin belə bir görüşü mənim praktikamda ilk dəfədir keçirilir”.
Rezonans.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə keçirilən görüşdə deyib.
“Əvvəlcə bu görüşün keçirilməsi təşəbbüsünə görə Özbəkistan Prezidentinə təşəkkür etmək istərdim. Qeyd edim ki, mənim praktikamda belə görüşlər heç vaxt olmayıb. Rəsmi səfərlər çərçivəsində biznes forumlarında iştirak etdiyim, yaxud xarici dövlət başçılarının səfərləri zamanı Bakıda biznes forumlarının keçirildiyi hallar olub, amma bir qayda olaraq onlar dövlət başçılarının hansısa qısa nitqlərlə müraciət etmələri ilə məhdudlaşıb, sonra çıxıb gediblər, biznes-forum isə öz axarı ilə davam edib. Prinsipcə, bu günlərdə Daşkənddə keçirilən biznes-forum layihələrlə çox zəngin olub. Amma nisbətən məhdud tərkibdə iki ölkənin işgüzar dairələrinin əsas nümayəndələrinin belə bir görüşü mənim praktikamda ilk dəfədir keçirilir. Ona görə də bundan başlamaq və Şavkat Miromonoviçə təşəkkürümü bildirmək istəyirəm”, – ölkə başçısı bildirib.