Azərbaycanda hər hansı bir vətəndaşın siyasi əqidəsinə və ya fikirlərinə görə təqib olunduğu, özlərini jurnalist və ya hüquq müdafiəçisi kimi təqdim edən şəxslər barədə cinayət işlərinin siyasi motivli olduğu barədə fikirlər kökündən yanlışdır və qəbuledilməzdir.
Rezonans.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib
Dövlətə xəyanət, müəyyən fəaliyyətlərin qeyri-qanuni maliyyələşdirilməsi, qanunsuz maliyyə əməliyyatları və s. kimi bir sıra cinayət araşdırmaları ilə əlaqədar saxlanılan şəxslərin məsələsi müvafiq cinayət-prosessual qanunverciliyin tələbləri çərçivəsində həyata keçirilir və proses tam şəffafdır.
Cinayət işlərinin və təhqiqatların, habelə məhkəmə qərarlarının nəticələrini gözləmək əvəzinə, təqsirləndirilən şəxslərin azad edilməsi üçün Azərbaycana çağırışların edilməsi hüquqi prosedurlarla açıq ziddiyyət təşkil edir, məhkəmə hakimiyyətinə müdaxilə cəhdidir və Avropa İttifaqının təbliğ etdiyi dəyərlərə ziddir.
Təəssüf hissi ilə qeyd edirik ki, Aİ-nin bir sıra üzv ölkələrində insanların fundamental hüquq və azadlıqlarının pozulması, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda və “sarı gödəkçələr” kimi aksiyalarda həyatlarını itirməsi, habelə Yeni Kaledoniyada aksiyaların qanla boğulması kimi hallara biganə qalması ikili standartların bariz nümunəsidir.
Avropa İttifaqının bir sıra institutları Azərbaycana qarşı təxribatlara son qoymalıdır.
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano 23 avqust tarixində “Politico” qəzetinə müsahibə zamanı, “Azərbaycanda ötən ildən bəri müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti nümayəndələrinin həbs olunduğunu” bildirərək, onların azad olunmasına dair çağırışlar edib.