Azərbaycan və Özbəkistan : Tarixi qardaşlıqdan strateji müttəfiqliyə .
Dövlətimizin xarici siyasətinin əsas prioritetlərindən birini də Türk dövlətləri ilə qurulan dostluq əlaqələrinin, iqtisadi, mədəni, siyasi əməkdaşlığın inkişafı, Türk dünyasının nüfuzunun beynəlxalq arenada gücləndirilməsi, ölkərarası münasibətlərin ən yüksək səviyyəyə çatdırılmasının təmin edilməsi məsələləri təşkil edir. Şübhəsiz ki, Vətən Müharibəsində qazandığımız qələbə, qələbənin ardından Türkiyə ilə münasibətlərimizi müttəffiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin imzalanması, bununla da Türkiyə-Azərbaycan dostluğu və qardaşlığının daha da güclənməsi bütövlükdə türk dünyası dövlətlərinin birliyinə müsbət töhfə vermiş və bu birliyi daha da möhkəmləndirmişdir. Ölkəmiz coğrafi baxımdan Türkiyə və Mərkəzi Asiyada yerləşən türk dövlətləri ilə körpü rolunu oynadığı kimi, türk xalqları arasında dostluq münasibətlərinin inişaf etdirilməsində də körpü missiyasını çox böyük uğurla həyata keçirir.
Bütün Mərkəzi Asiya dövlətləti ilə olduğu kimi Özbəkistan Respublikası ilə də ölkəmizin qarşılıqlı dostluq münasibətləri dərin köklərə malikdir.
Özbəkistan və Azərbaycan arasında əlaqələr əsrlər boyunca tarixi, mədəni və coğrafi aspektlərdən qaynaqlanır. Hər iki ölkə qədim İpək Yolunun üzərində yerləşdiyindən, Orta Asiya və Qafqaz regionlarında əhəmiyyətli rol oynamışdır. Bu gün isə Özbəkistan-Azərbaycan münasibətləri təkcə tarixi əlaqələrlə məhdudlaşmamış, strateji əməkdaşlıq, iqtisadi inteqrasiya və regional təhlükəsizlik sahələrində də möhkəmlənmişdir.
Sovet İttifaqının dağılmasından sonra həm Azərbaycan, həm də Özbəkistan öz müstəqilliklərini elan edərək, yeni xarici siyasət kursuna keçid etmişdirlər. Hər iki ölkə müstəqilliyin ilk illərində beynəlxalq arenada öz yerlərini möhkəmləndirməyə çalışmış və bu prosesdə bir – birlərinə qarşılıqlı dəstək də göstərmişlər. Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik əlaqələr 2 oktyabr 1995-ci il tarixindən etibarən daima yüksələn xətt üzrə inkişaf etməkdədir.
Bugünkü Özbəkistan-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Enerji, nəqliyyat, ticarət və müdafiə sahələrində hər iki ölkə arasında sıx əməkdaşlıq mövcuddur. Eyni zamanda, Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Azərbaycanın coğrafi mövqeyi Özbəkistan üçün mühüm əhəmiyyət kəsb edir.
Regional təhlükəsizlik məsələlərində də Azərbaycan və Özbəkistan birgə əməkdaşlıq edir. Hər iki ölkə Mərkəzi Asiya və Qafqaz regionlarında sabitliyin qorunmasında maraqlıdır və bu məqsədlə beynəlxalq arenada birgə addımlar atırlar. Xüsusilə, terrorizm, narkotik qaçaqmalçılığı və digər transmilli cinayətkarlıqla mübarizədə Azərbaycan və Özbəkistan regional və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir.
İki ölkə arasında əməkdaşlıq mədəniyyət və təhsil sahəsində də inkişaf etməkdədir. Özbəkistan və Azərbaycan xalqlarının ortaq türk-müsəlman mədəniyyəti bu sahədə əməkdaşlıq üçün geniş imkanlar yaradır. Mədəniyyət festivalları, sərgilər, təhsil mübadilə proqramları vasitəsilə iki ölkə xalqları arasında mədəni əlaqələr möhkəmlənir.
Özbəkistan və Azərbaycan arasında diplomatik əlaqələrin inkişafında dövlət başçılarının rəsmi səfərləri mühüm rol oynamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında çoxsaylı görüşlər, iki ölkə arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatmasına şərait yaratmışdır. Son iki il ərzində Prezident İlham Əliyev Özbəkistana beş səfər etmişdir. O cümlədən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevon də ölkəmizə bir çox səfərləri olmuşdur.
2022-ci il Azərbaycan – Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olub, çünki bu zaman dövlətimizin başçısı Özbəkistana üç rəsmi səfər həyata keçirmişdir. 2022 – ci ilin 21-22 iyun tarixlərində Özbəkistana dövlət səfəri həyata keçirən Prezident İlham Əliyev, sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində fəxri qonaq qismində iştirak etmiş, həmçinin Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-11-də Özbəkistanda səfərdə olmuşdur.
2022-ci ilin iyun ayında isə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfər etmişdir. Bu səfər çərçivəsində tərəflər arasında bir sıra strateji əhəmiyyətli sazişlər imzalanmışdır. Bu sazişlər təkcə iqtisadi və ticarət sahələrində deyil, həm də mədəniyyət, təhsil və humanitar sahələrdə əməkdaşlığı gücləndirməyə yönəldilmişdir. Hər iki lider regional təhlükəsizlik məsələlərini müzakirə edərək, birgə addımların atılmasını vurğulamışdır.
Şavkat Mirziyoyevin ölkəmizə baş tutan bu əlamətdar səfəri çərçivəsində olduqca səmərəli görüşlər keçirilmişdir. Görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edilmiş, eləcə də bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olunmuş, eləcə də münasibətlərimizi rəsmiləşdirən və onun gələcək inkişaf perspektivlərini müəyyənləşdirən mühüm sənədlər imzalanmışdır. Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqaviləni xüsusi vurğulamaq lazımdır. Bu müqavilənin bağlanması ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir.
2023 – cü ilin 23 avqust tarixində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində də iştirak ediblər. Məlumdur ki, Qarabağın yenidən bərpası və məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtması bizim üçün hazırda ən önəmli məsələlərdən biridir. Bu bizim üçün həm də çox böyük mənəvi önəm daşıyan məsələdir. Böyük mənəvi əhəmiyyət daşıyan işğaldan azad edilən ərazilərimizin bərpasında dost Özbəkistan dövlətinin yaxından iştirakı, Füzuli şəhərində Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq 960 şagird üçün nəzərdə tutulan orta məktəbin inşa olunması dostluğumuzun əsl mahiyyətini bir daha göstərmişdir.
Cari ilin 22 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva ilə birlikdə Özbəkistan Respublikasına dövlət səfəri etmişdir. Bu səfər çərçivəsində iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənədlərdən biri olan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanmışdır. Özbəkistan Respublikası və Azərbaycan Respublikasının Birgə İnvestisiya Fondunun kapitalının artırılması üçün 500 milyon dollar ayrılmışdır.
Dövlət başçımız İlham Əliyev Özbəkistanda işgüzar dairələrin nümayəndələri ilə görüş zamanı çıxış etmişdir.
Daşkənddə keçirilən müzakirələr zamanı investisiya imkanlarının genişləndirilməsi də diqqət mərkəzində olmuşdur. Səfər çərçivəsində təşkil olunan biznes forumlarında avtomobil istehsalından kənd təsərrüfatına, tekstildən turizmə qədər müxtəlif sahələrdə 20-dən çox layihə təklifi irəli sürüldü. Prezident İlham Əliyev çıxışında iki ölkə arasında yaxşı siyasi konyunkturanın mövcud olduğunu , bunun da iş adamlarımızı birlikdə işləməyə sövq etdiyini qeyd etmişdir.
Özbəkistanda Azərbaycanlı iş adamları üçün cəlbedici investisiya mühiti yaranır. Kənd təsərrüfatı və turizm sahələrində yeni imkanlar təqdim edən proqramlar investorları cəlb etməkdədir. Prezident İlham Əliyev, özbək investorların üçün Azərbaycanda işləməyin əlverişliliyindən bəhs etmiş, investisiya proqramlarını əhatə edən sənaye, kənd təsərrüfatı, turizm biznesi, mehmanxana biznesi sahələrini vurğulamışdır.
Cənab Prezidentin çıxışında Azərbaycan “Böyük Qayıdış” proqramının əhəmiyyətli dərəcədə genişləndiyin vurğulanmışdır. Belə ki, 2021-ci ildən bəri başlanan bu proqram çərçivəsində böyük investisiyalar cəlb edilib və bu il ərzində bu rəqəmin 10 milyard dolları keçəcəyi gözlənilir. Proqram, məcburi köçkünlərin öz yurdlarına qayıtmasını təşviq etməklə yanaşı, azad edilmiş ərazilərdə davamlı iqtisadi artımı təmin etməyi hədəfləyir.
Bu mühüm səfər çərçivəsində on beş əhəmiyyətli sənəd imzalanmışdır. Bütün bu sənədlərin imzalanması yalnız Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığı gücləndirmir, həm də müxtəlif sahələrdə gələcək əməkdaşlıq üçün zəmin yaradır, iki ölkənin birlikdə parlaq bir gələcək qurmaq əzmində olduqlarını göstərir.
Özbəkistan və Azərbaycan arasındakı münasibətlər təkcə ortaq tarix və mədəniyyət üzərində qurulmamışdır, həm də müasir dövrdə strateji əməkdaşlıq və regional təhlükəsizlik kimi vacib sahələrdə inkişaf etdirilmişdir. Hər iki ölkənin rəhbərliyi, gələcəkdə bu münasibətlərin daha da dərinləşdirilməsi və qarşılıqlı maraqlar əsasında davam etdirilməsi üçün ciddi addımlar atmaqdadır. Şübhəsiz ki, Özbəkistan və Azərbaycan arasındakı əlaqələr regionda sabitlik və rifahın təmin olunmasında əhəmiyyətli rol oynamağa davam edəcəkdir.
Ziyafət Əsgərov
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri.