Siyavuş Novruzov: "Azərbaycan naminə xalqa layiqli xidmət nümunəsi"

img

Bu gün Azərbaycan davamlı və dinamik iqtisadi inkişafın, sarsılmaz ictimai-siyasi sabitliyin və təhlükəsizliyin tam təmin olunduğu, öz tərəqqisi ilə mütərəqqi nümunə yaradan qabaqcıl ölkələrdəndir. Eyni zamanda, respublikamız beynəlxalq müstəvidə müasir, hüquqi və demokratik dövlət, regional və qlobal təhlükəsizliyə layiqli töhfələr verən etibarlı tərəfdaş və dünya birliyinin məsuliyyətli üzvü kimi tanınır. Bütün bu müsbət reallıqları və nailiyyətləri təmin edən Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı - Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevdir.


Bu gün Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirir, dünya azərbaycanlılarının Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməsini təmin edir. Bu ilin fevral ayında keçirilən Zəfər seçkisi də təsdiqlədi ki, xalqımız onun milli qürurunu bərpa etmiş və soydaşlarımıza tarixi Qələbə sevinci yaşatmış qüdrətli Lider kimi cənab İlham Əliyevin siyasətinə alternativ görmür. Məhz bu reallıqlar fonunda qalib və qüdrətli Azərbaycan bütün milli məqsədləri və qarşıda duran strateji hədəfləri reallaşdırmaq, yeni zirvələr fəth etmək əzmindədir.


Azərbaycanın milli tərəqqisində dövlət başçısının ən yaxın silahdaşı - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyətinin müstəsna rolu var. 

Mehriban xanım Əliyeva bu zamana qədər müxtəlif vəzifələrdə uğurla fəaliyyət göstərərək ona olan inam və etimadı layiqincə doğruldub. 


O, millət vəkili kimi fəaliyyət göstərərkən milli maraqları daim üstün tutub, mühüm təşəbbüslərlə çıxış edib, xalqa və dövlətə ləyaqətlə xidmət edib. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu milli məqsədlərin həyata keçirilməsinə müstəsna töhfələr verib və bu gün də missiyasını müvəffəqiyyətlə davam etdirir. Fondun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə etməklə yanaşı, Azərbaycanın coğrafi sərhədləri ilə məhdudlaşmır, beynəlxalq əhəmiyyət daşıyır. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın mədəni irsinin, milli mədəniyyət nümunələrinin dünya miqyasında təbliği istiqamətində çox mühüm addımlar atılır. 


Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi də fəaliyyətini uğurla davam etdirir. Onun partiyanın güclənməsində, inkişafında, xüsusilə gənclərin, qadınların partiyaya üz tutmasında böyük rolu var.


Ən mühüm məqamlardan biri budur ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlər vətəndaşlara diqqət və qayğının gücləndirilməsi, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsi baxımından çox mühüm əhəmiyyət daşıyır.


Bir sözlə, Azərbaycanın möhtəşəm uğurlarında Mehriban xanım Əliyevanın xüsusi imzası var. Onun nümunəvi fəaliyyəti xalqa layiqli xidmət örnəyidir.


Təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın fəaliyyəti həm ölkə miqyasında, həm də beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. O. indiyə qədər mədəniyyətin təbliği, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə, həmçinin ictimai, sosial və mədəni həyatda fəal iştirakına, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, humanizm prinsipinə sadiqliyinə görə müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Çoxsaylı təltiflər məhz Mehriban xanım Əliyevanın beynəlxalq əhəmiyyətli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.


Mehriban xanım Əliyeva cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi fəaliyyətini uğurla davam etdirməsi xalqımıza rifah, inkişaf və qalib Azərbaycana yeni uğurlar, qələbələr, parlaq perspektivlər vəd edir.


Siyavuş Novruzov

Xəbəri paylaş: