Ceyhun Bayramovla Hakan Fidan bu məsələləri müzakirə etdilər

img

27 avqust 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

Rezonans.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı tərəflər iki ölkə arasında mövcud müttəfiqlik münasibətlərinin siyasi, təhlükəsizlik, müdafiə, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiya, humanitar və s. aspektlərini, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq əlaqələrinə əsaslanan strateji müttəfiqliyin inkişafında iki ölkə liderlərinin arasında mövcud siyasi dialoqun, qarşılıqlı səfər və təmasların əhəmiyyəti vurğulanıb.

Müttəfiqliyimizi təsbit edən tarixi Şuşa Bəyannaməsinin artıq bir sıra sahələrdə əməkdaşlıq perspektivlərinin inkişafında praktiki nəticələr verdiyi məmnunluqla qeyd olunub.

Azərbaycan və Türkiyə liderlərinin ideya müəllifləri olduğu Türkiyə–Azərbaycan Universitetinə bu il tələbə qəbulunun həyata keçirilməsi, yüksək balla tələbələrin qəbulu məmnunluqla qeyd edilib. Universitetə böyük maraq təqdir olunub, təhsil sahəsində əməkdaşlığa əlavə stimul yaradacağı vurğulanıb.

İkitərəfli əməkdaşlığımızın BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. kimi regional və beynəlxalq təşkilatlarla yanaşı, bir sıra digər çoxtərəfli formatlar çərçivəsində davam etdirildiyi diqqətə çatdırılıb. Ölkəmizin, xüsusilə, ailəmiz hesab etdiyimiz Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığın inkişafını diqqət mərkəzində saxladığı qeyd olunub. Bununla yanaşı, üçtərəfli və dördtərəfli formatlarda əməkdaşlığın regional sabitlik və təhlükəsizliyə ciddi töhfələr verdiyi bildirilib.

Nazir Ceyhun Bayramov, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik fəaliyyətimizdən ətraflı bəhs edib.

Qarşı tərəf, o cümlədən postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, regional sülh və normallaşma gündəliyinə təhdidlər barədə məlumatdırıb. Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın, eləcə də qardaş Türkiyənin ərazi bütövlüyünə davam edən iddiaların, habelə Ermənistanın kütləvi hərbiləşmə siyasətinin sülh prosesinə əsas hədələr olduğu diqqətə çatdırılıb.

44 günlük Vətən müharibəsində Türkiyə tərəfindən Azərbaycana göstərilmiş siyasi və mənəvi dəstəklə yanaşı, Qarabağ bölgəsində davam etdirilən yenidənqurma və bərpa işlərində aktiv iştirakın yüksək qiymətləndirildiyi qeyd olunub.

Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Xəbəri paylaş: