Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün ömrünü müstəqil Azərbaycan dövlətini qurmağa və gücləndirməyə, hər bir Azərbaycan vətəndaşının firavan, xoşbəxt həyat sürməsinə həsr etmişdir. Bütün çətinliklərə, hətta dəfələrlə həyatı təhlükədə olmasına baxmayaraq Heydər Əliyev bu müqəddəs amaldan geri çəkilmədi.
1990-cı il iyulun 20-də Bakıya, iki gün sonra doğma yurdu olan Naxçıvana dönən ulu öndər Heydər Əliyevi Naxçıvan əhalisi böyük sevinc və çoşqu ilə qarşıladı. O vaxtlar çətin vəziyyətdə olan Naxçıvan əhalisi başa düşürdü ki, onları bu ağır vəziyyətdən dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilər.
30 sentyabr 1990-cı ildə ulu öndər Azərbaycan SSR və NMSSR Ali Sovetinə deputat seçildi. Bu ulu öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi fəaliyyətinin başlanğıcı oldu. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990- cı il noyabrın 17-də Naxçıvan Ali Soveti üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda Azərbaycanın qanunvericilik orqanına 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi dövlət rəmzlərinin - bayrağın, gerbinin, himnin Azərbaycanın milli atributları kimi qəbul edilməsi təklif edildi. Həmçinin sessiyada NMSSR-nın adından "Sovet, Sosialist" sözlərinin çıxarılması barədə qərarın qəbul edilməsi təklifi ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Bu cür cəsarətli, qətiyyətli addımlar məhz Heydər Əliyev tərəfindən irəli sürülə bilərdi. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü bütün təkliflər müstəqil Azərbaycan dövlətinin yaranmasına xidmət edirdi. Naxçıvan Muxtar Respublikası Ali Soveti 1990-cı il 20 yanvar hadisələrinə də siyasi qiymət verdi və bu hadisədə SSRİ rəhbərliyi ilə yanaşı respublika rəhbərləri Vəzirov və Mütəllimovun da günahkar olduqlarını qeyd etdi.
Heydər Əliyevin Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılış sessiyasındakı çıxışı xalq tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Ulu öndər respublikadakı mövcud siyasi vəziyyəti ətraflı təhlil etdi, Dağlıq Qarabağ münaqişəsində SSRİ rəhbərliyi ilə yanaşı Azərbaycan rəhbərliyinin də ciddi nöqsanlara yol verdiyini , eləcə də təcavüzkar Ermənistanla birlikdə mübarizə aparmağın vacib olduğunu qeyd etdi. Həmin sessiyada dövlətin adının dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırılması və Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı təsdiq olunmasında ulu öndər Heydər Əliyevin böyük rolu olmuşdur. Ulu öndər Heydər Əliyevin 1991-ci il iyulun 19-da SSRİ Nazirlər Soveti partiya təşkilatına Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin Konstitusiyaya zidd olaraq pozulması, Ermənistanın Azərbaycana qarşı elan edilməmiş müharibə aparması səbəbindən partiya sıralarından çıxması barədə yazdığı ərizə xalq tərəfindən böyük rəğbətlə qarşılandı.
1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması ilə bağlı tarixi çıxış etdi. Bunun nəticəsində sessiyada "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında " Bəyannamə qəbul edildi. 1991-ci il oktyabr ayının 18- də isə Ali Sovet "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul edildi. Ulu öndər Heydər Əliyev AXC-nin yarandığı günü müstəqillik günü kimi dəyərləndirib və AXC-nin cəmi 23 ay yaşamasına baxmayaraq dövlətçiliyin, müstəqilliyin əsaslarının qoyulmasında əhəmiyyətini qeyd edirdi. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi və qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini oldu. Bundan sonra dahi şəxsiyyətin Azərbaycanın siyasi həyatında böyük işlər görməsinə şərait yarandı. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımlar atılmasına səbəb oldu. Ulu öndər hakimiyyətə gəldikdən sonra dövlətçilik konsepsiyası hazırlandı, iqtisadiyyatımız yeni mərhələyə qədəm qoyaraq sürətlə dirçəlməyə başladı. Azərbaycanda demokratiya, mətbuat və söz azadlığı bərqərar oldu.
Tolerantlıq, multikulturalizmin əsası qoyuldu. Dahi siyasətçi, müdrik dövlət başçısı Heydər Əliyev Azərbaycanda dövlətçiliyin prinsiplərinin əsasını qoydu, sosial, siyasi sabitliyin təməlini formalaşdırdı. Bu gün də Azərbaycan ulu öndər Heydər Əliyevin qoyduğu siyasi kursla irəliləyir və dünyada böyük nüfuz sahibinə çevrilərək yeni uğurlara imza atır.
Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor